Köhnə avtomobilləri bərpa etməyi planlaşdırırıq – Kaladze “Kala Capital Tbilisi”nin yaradılması haqqında
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, yeni yaradılan “Kala Capital Tbilisi” adlı şirkət pilot layihədir və bu çərçivədə “gənclərlə birlikdə köhnə avtomobillərin bərpası və onların beynəlxalq arenaya çıxarılması” planlaşdırılır.
“Bu, mənim mülkiyyətimdə olan ilk şirkət deyil. Mənim mülkiyyətimdə olan və bəyannaməmdə göstərilən başqa şirkətlər də var.
Bu şirkətə və onun fəaliyyəti ilə bağlı ideyamıza gəlincə, bu bir pilot layihədir və uğurlu olub-olmayacağını görəcəyik. Bu, uşaqlıqdan gələn hobbi və maraqdır. Həmişə belə bir işlə məşğul olmaq istəmişəm və indi gənclərlə birgə bu layihəni həyata keçirmək niyyətindəyəm. Uğurlu alınıb-alınmayacağını bilmirik – baxarıq. Layihə köhnə avtomobillərin bərpası və onların beynəlxalq bazara çıxarılması ilə bağlıdır. Bu işdə çox istedadlı gənclər iştirak edəcək,” – deyə Kaladze bildirib.
Jurnalistlər Kaladzeyə şirkətin tərəfdaşlarının kim olacağını və ilkin kapitalın nədən ibarət olacağını da soruşublar. Kaladze bildirib ki, Avropa banklarında heç bir vəsaiti yoxdur və xarici banklarla da əlaqəsi yoxdur:
“Avropa banklarında vəsaitlərim yoxdur – bu təsdiqlənmiş məlumatdır və bəyannamədə də əks olunub. Daha əvvəl bəzi Avropa banklarında olan vəsaitlərimi konkret bir şirkətə borc vermişdim, sonra vəsait geri qaytarıldı və mən kriptovalyuta aldım. Hazırda isə xarici banklarla heç bir əlaqəm yoxdur. Bunun isə öz izahı və səbəbi var,” – deyə Kaladze qeyd edib.
4 iyun tarixində İrakli Abesadze məlumat yayaraq bildirib ki, Kaladze yeni “Kala Capital Tbilisi” şirkətini qurur.
Tbilisi merliyi ilə bağlı Kaladze artıq bəyan edib ki, mer postuna namizəd olacaq və “bütün radikal qrupları məğlub etməyi planlaşdırır”:
“Mən mer olmaq niyyətindəyəm və sizi – kim olur-olursunuzsa olun – bütün radikal qrupları məğlub edəcəyəm və gürcü xalqı ilə birlikdə sizə təbii yerinizi göstərəcəyəm,” – Kaladze bunu “TV Pirveli”nin jurnalistinə deyib.
Kaladzenin namizədliyi ilə bağlı “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze də açıqlama verərək bildirib ki, 99.9% ehtimalla Tbilisi meri vəzifəsinə namizəd olaraq Kaxa Kaladze irəli sürüləcək.
mənbə: marneulifm