“Kazbeqi” gömrük məntəqəsində 189 min larilik bəyan edilməmiş qızıl aşkarlanıb

Oct 21, 2026 - 12:45
 0  17
“Kazbeqi” gömrük məntəqəsində 189 min larilik bəyan edilməmiş qızıl aşkarlanıb

Son məlumatlara görə, “Kazbeqi” gömrük-keçid məntəqəsində bəyan edilməli olan qızıl məmulatlarının ölkəyə gətirilməsi ilə bağlı 13 faktın qarşısı alınıb.

XEBER.GE xeber  verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

“Gömrük əməkdaşları Gürcüstan və xarici ölkə vətəndaşlarının, eləcə də onlara məxsus baqajın və idarə etdikləri avtomobillərin ətraflı yoxlanılması nəticəsində ümumilikdə 898 qram qızıl-zinət əşyası aşkar ediblər.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 189 715 lari təşkil edib.

Qanun pozuntusuna yol vermiş 5 vətəndaşın iş materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib. Digər 8 vətəndaşa isə Gürcüstanın Gömrük Məcəlləsinin 168-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, ümumilikdə 82 714 lari məbləğində cərimə tətbiq edilib”, – deyə Gəlirlər Xidmətinin yaydığı məlumatda bildirilir.