Kaxetidə psixotrop dərman reseptləri satdığına görə klinika direktoru saxlanılıb

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Kaxetidə kommersiya rüşvəti və psixotrop maddələrin alınması üçün reseptlərin hazırlanıb satılması faktına görə bir klinikanın direktoru saxlanılıb.
İstintaq orqanının açıqlamasında qeyd olunur ki, saxlanılan şəxs Kaxeti bölgəsində fəaliyyət göstərən özəl “Psixo-diaqnostika və psixo-korreksiya mərkəzi”nin direktoru olub. O, maddi gəlir əldə etmək məqsədilə, qanunsuz olaraq, heç bir tibbi müayinəsiz, pul müqabilində psixotrop dərman vasitələrinin alınması üçün nəzərdə tutulan reseptləri mütəmadi olaraq satıb.
Məlumata görə, direktor məhz resept satışı zamanı yaxalanıb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 3-cü bəndi və 268-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddələr üç ildən altı ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: marneulifm