Kaxetidə quduzluq təhlükəsi: Pirosmani kəndində karantin elan edildi

Mar 17, 2026 - 19:24
 0  12
Kaxetidə quduzluq təhlükəsi: Pirosmani kəndində karantin elan edildi

Gürcüstanın Milli Qida Agentliyi ölkənin şərqində yerləşən Dedoplistskaro bələdiyyəsində iribuynuzlu heyvanlar arasında quduzluq xəstəliyinin təsdiqləndiyi barədə məlumat yayıb.

  Xeber.ge xeber  verir ki, yoluxma qeydə alınan bölgədə dərhal karantin elan edilib.

 Milli Qida Agentliyinin Kaxeti departamentinin müfəttişləri daxil olan məlumat əsasında Pirosmani kəndindəki heyvanlara nəzarətə başlayıblar. Heyvanlarda güclü ağız suyu ifrazı, əsassız aqressiya, iştahsızlıq və koordinasiyanın pozulması kimi əlamətlər müşahidə edilib.

Götürülmüş patoloji nümunələrin laboratoriya müayinəsi nəticəsində heyvanda quduzluq xəstəliyi rəsmi olaraq təsdiqlənib. Faktla bağlı yerli səhiyyə xidmətləri dərhal məlumatlandırılıb.

Xəstəliyin aşkar edildiyi nöqtədən 3 kilometr radiusda olan bütün ərazidə karantin elan edilib.

Agentlik tərəfindən karantin qaydalarına uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilib:

  • Ərazinin dezinfeksiyası;
  • Xəstəliyə həssas olan heyvanların quduzluğa qarşı peyvəndlənməsi;
  • Yoluxmuş heyvanla təmasda olan digər canlıların nəzarətə götürülməsi;
  • Heyvanların yerdəyişməsinə ciddi məhdudiyyətlərin qoyulması.

Məlumata görə, hazırda bələdiyyə üzrə xəstəliyə həssas olan 4 500 baş heyvan peyvənd edilib.