Gürcüstanda mütəşəkkil cinayətkarlığa zərbə: 77 nəfər ifşa olundu

Mar 17, 2026 - 19:34
 0  11
Gürcüstanda mütəşəkkil cinayətkarlığa zərbə: 77 nəfər ifşa olundu

Gürcüstan hüquq-mühafizə orqanları "kriminal iyerarxiya"ya qarşı növbəti genişmiqyaslı zərbəni endirib.

Xeber.ge xeber  verir ki, ölkə prokurorluğu "qanuni oğru", "oğru dünyası" üzvlüyü, "oğru dünyası" fəaliyyətinə dəstək və "qanuni oğru"ya müraciət etmə faktları üzrə ümumilikdə 77 nəfərə qarşı ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentində aparılan istintaqla müəyyən edilib ki, "oğru dünyası"nın üzvləri və onlara dəstək verən şəxslər mütəmadi olaraq "oğru sxodka"ları (kriminal toplantılar) təşkil ediblər.

Bu şəxslərin həm xaricdə olan "qanuni oğru"ların tapşırıqları əsasında, həm də müstəqil şəkildə mübahisəli tərəflərin müraciətləri əsasında "kriminal hesablaşmalar" apardıqları, müxtəlif növ mübahisələri "oğru qaydaları" ilə həll etdikləri sübuta yetirilib.

Əməliyyat nəticəsində 72 nəfər saxlanılıb, 5 nəfərə isə ittiham qiyabi və ya cəzaçəkmə müəssisələrində elan edilib.

Təqsirləndirilən şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham irəli sürülüb:

  • Maddə 223 (prim): "Oğru dünyası" üzvlüyü;
  • Maddə 223 (prim, 2-ci hissə): "Qanuni oğru" statusu daşıma;
  • Maddə 223 (sekunda): "Oğru yığıncağı"nda iştirak;
  • Maddə 223 (kvarta): "Qanuni oğru"ya və ya "oğru dünyası" üzvünə müraciət etmə;
  • Maddə 223 (tersiya): "Oğru dünyası" fəaliyyətinə dəstək vermə.

Bu cinayətlərə görə qanunvericilik 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.