İvanişviliyə və Kobaxidzeyə dərhal sanksiyalar tətbiq edilsin - Avropa Parlamentinin üzvləri

Jun 25, 2025 - 20:22
Jun 25, 2025 - 20:23
 0  62
İvanişviliyə və Kobaxidzeyə dərhal sanksiyalar tətbiq edilsin - Avropa Parlamentinin üzvləri

Dörd Avropa Parlamentinin üzvü Gürcüstanda müxalifət liderlərinə qarşı yönəlmiş repressiyaların yeni dalğası ilə

bağlı dərin narahatlıqlarını ifadə edən birgə bəyanat yayıblar.

Onlar “Gürcü Arzusu” hakimiyyətini bütün siyasi məhbusları azad etməyə, Avropa İttifaqını və onun üzv dövlətlərini isə Bidzina İvanişvili və İrakli Kobaxidzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.

Bəyanata imza atan Avropa Parlamentinin üzvləri bunlardır:

  • Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, David McAllister (Avropa Xalq Partiyası, Almaniya)
  • Euronest Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri, Sergey Lagodinsky (Yaşıllar/Avropa Azad Alyansı, Almaniya)
  • Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Nils Ušakovs (Sosial Demokratlar, Latviya)
  • Gürcüstan üzrə daimi məruzəçi, Rasa Yukneviciene (Avropa Xalq Partiyası, Litva)


Avropa Parlamentinin üzvlərinin bəyanatı belədir:

“Biz Gürcüstanda müxalifət liderlərinə, vətəndaş cəmiyyəti təşkilatlarına, müstəqil media qurumlarına və etirazçılara qarşı yönəlmiş repressiyaların yeni dalğası ilə bağlı dərin narahatlığımızı ifadə edirik.

Biz müxalifətin dörd üzvü – Mamuka Xazaradze, Badri Caparidze, Zurab Caparidze və Qiorqi Vaşadzeyə qarşı “Gürcü Arzusu”nun Parlament komissiyasına gəlmədiklərinə görə irəli sürülən ittihamları və onların 2 il müddətinə ictimai vəzifə tutmaq hüququndan məhrum edilməsini qətiyyətlə pisləyirik. Onların siyasi motivli bir komissiya ilə əməkdaşlıq etməməklərinə görə cəzalandırılması demokratiyaya açıq hücumdur və müxalif səslərin susdurulması və qorxudulması məqsədi güdür.

Bu addım “Gürcü Arzusu”nun hakimiyyəti gücləndirmək və istənilən müxalif səsi susdurmaq cəhdlərinin açıq nümunəsidir. Bu, ölkədə seçki mühitinə dair əlavə şübhələr doğurur və yaxınlaşan bələdiyyə seçkiləri ilə bağlı narahatlığımızı artırır. Biz repressiyaların bu yeni dalğasının hədəfi olan müxalifət liderləri, vətəndaş cəmiyyəti təşkilatları, müstəqil media qurumları və etirazçılarla həmrəy olduğumuzu bildiririk. Gürcüstandakı bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırırıq.

Biz Avropa İttifaqını və onun üzv dövlətlərini dərhal tədbir görməyə və demokratiyanın geriləməsinə cavabdeh olan şəxslərə – xüsusilə Bidzina İvanişvili və İrakli Kobaxidzeyə qarşı fərdi sanksiyalar tətbiq etməyə çağırırıq.

Bir daha çağırırıq ki, erkən parlament seçkiləri təkmilləşdirilmiş seçki mühitində, müstəqil və qərəzsiz seçki administrasiyası tərəfindən və geniş beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilsin. Bu, Gürcüstan xalqının iradəsini əks etdirən həqiqətən azad, ədalətli və şəffaf bir prosesin təmin olunması üçün vacibdir", - Avropa Parlamentinin üzvlərinin bəyanatında deyilir.

mənbə: marneulifm