“İvanişvili Gürcüstanı təcridə sürüklədi, ölkə tranzit hab statusunu itirir”

Aug 8, 2025 - 21:57
 0  40
“İvanişvili Gürcüstanı təcridə sürüklədi, ölkə tranzit hab statusunu itirir”

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bildirib ki, Bidzina İvanişvili Gürcüstanda demokratik institutları dağıdıb, ölkəni əsas müttəfiqlərindən təcrid edib və bunun nəticəsində Gürcüstan öz tranzit hab funksiyasını itirmək üzrədir.

Bu barədə onun “Facebook” səhifəsində yayımlanan məktubda deyilir.

Saakaşvili qeyd edib ki, ABŞ, Azərbaycan və Ermənistan arasında bu gün planlaşdırılan yeni saziş – ABŞ-ın 100 il müddətinə Zəngəzur dəhlizini icarəyə götürməsi – Avropadan Çinə alternativ tranzit marşrutunun açılması deməkdir. Bu marşrut Gürcüstan, İran və Rusiyanı kənarda qoyur.

“Bu, Gürcüstan üçün ən ağır geosiyasi fəlakətdir. Gürcüstanın rifahı mənim hakimiyyətim dövründə əsasən tranzit funksiyasına söykənirdi. Bu imkanları biz Şevardnadze dövründə qazanmışdıq, mənim dövrümdə isə daha da dərinləşdirdik. Turizm, Gürcüstanın ‘dünyada demokratiya mayakı’ statusu, beynəlxalq əlaqələrimiz və sürətli Avroatlantik inteqrasiya – bütün bunlar ölkəmizin təhlükəsizliyinin əsas dayaqları idi.

2008-ci ildə prezident Buş altıncı donanmanı məhz Gürcüstanın tranzit rolunu və demokratik sistemini qorumaq üçün göndərmişdi.

İvanişvili Gürcüstanda demokratiyanı məhv etdi, ölkəni əsas müttəfiqlərindən təcrid etdi və indi bütün bunların nəticəsində biz tranzit hab statusumuzu itiririk.

Bu gün planlaşdırılan ABŞ-Azərbaycan-Ermənistan sazişi, ABŞ-ın Zəngəzur dəhlizini 100 illik icarəyə götürməsi, Avropadan Çinə yeni tranzit dəhlizi açır – bu dəfə Gürcüstanın, İranın və Rusiyanın yanından keçməklə.

Bəli, biz indi Rusiya və İranla birlikdə geosiyasi təcridə düşürük. Bu o deməkdir ki, ‘dəmir pərdə’ Qırmızı Körpü üzərində endirilir və biz Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq.”

Saakaşvili əlavə edib ki, bu yeni reallıq fonunda Lazika limanı layihəsi və digər limanların inkişafı mənasını itirir:

“Lazika limanı layihəsi, eləcə də digər Gürcüstan limanlarının inkişafı artıq əhəmiyyətini itirir. Ölkənin yeganə perspektivi əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi və dərinləşən yoxsulluq olacaq. ABŞ və Avropa ilə strateji əlaqələrin qırılması bizi bu yerə gətirdi. Daha da ironik olan odur ki, bütün bunlar Avqust müharibəsinin ildönümündə baş verir.”

mənbə: interpress