İslam tezliklə dünyanın ən böyük dini olacaq
XEBER.GE xeber verir ki, “Pew Research Center” tədqiqat mərkəzinin dünya dinlərinin gələcəyi ilə bağlı araşdırmasına əsasən, 2035-ci ilə qədər İslam dini öz ardıcıllarının sayına görə xristianlığı ötəcək və beləliklə də, ən çox ardıcıl olan din olacaq.
Geniş yayılmış gözləntilərin əksinə olaraq, proqnozlara görə, yaxın onilliklərdə dünyada dindarların payı azalmayacaq, əksinə, artacaq. Müstəqil analitik mərkəz olan Pew Research Center yeni tədqiqat işində “dünya dinlərinin gələcəyi”ni araşdırıb. 2020-ci ildə dünya əhalisinin 24,2%-i özünü heç bir dini icmaya aid etmirdi. Proqnozlara əsasən, 2070-ci ilə qədər belə insanların payı cəmi 17% ətrafında qalacaq.
Hesablamalara görə, dinlər arasındakı nisbətlər nəzərəçarpacaq dərəcədə dəyişəcək. 2020-ci ildə dünyada təxminən 2 milyard müsəlman və 2,3 milyard xristian yaşayırdı. Dünya əhalisinin bundan sonra da artacağı və 2035-ci ilə qədər müsəlmanların sayının 2,57 milyarda, xristianların sayının isə 2,53 milyarda çatacağı gözlənilir.
Bununla da, 2035-ci ildə İslam dünyada ən geniş yayılmış dinə çevriləcək.
Dinlər arasındakı balans niyə dəyişir?
“Hər şey körpələrlə bağlıdır”. Vaşinqtondakı Pew Research Center-in tədqiqat şöbəsi rəhbərinin müavini bu dəyişikliyi belə izah edir.
Onun araşdırmasına əsasən, 2020–2035-ci illər ərzində müsəlman qadınların hər birinə orta hesabla 3,1, xristian qadınların hər birinə isə 2,5 uşaq düşəcək.
Bununla yanaşı, xristian və müsəlman icmalarında doğumların orta sayı dünyada gözlənilən orta göstəricidən yüksək qiymətləndirilir. Tədqiqatçılar hesab edirlər ki, əhalinin sayını sabit səviyyədə saxlamaq üçün hər qadına orta hesabla 2,1 uşaq düşməlidir.
Pew-un proqnozlarına görə, 2070-ci ilə qədər Yer kürəsinin əhalisi 29% artacaq. Eyni dövr ərzində müsəlmanların sayı 80%, xristianların sayı 30%, yəhudilərin sayı 20%, hinduizm ardıcıllarının sayı isə 17% artacaq. Bəhailər və siqhlər kimi daha kiçik dini icmaların sayının isə hesablamalara əsasən, 2070-ci ilə qədər cəmi 9% artacağı gözlənilir.
Özünü heç bir dinə aid etməyən insanların sayı 10%, buddistlərin sayı isə 23% azalmalıdır.
Proqnozlara görə, ən çox müsəlman Pakistanda yaşayacaq. Araşdırmaya əsasən, bu ölkədə müsəlman əhalinin sayı təxminən iki dəfə artaraq 2020-ci ildəki 227 milyon nəfərdən 2070-ci ildə 461 milyon nəfərə çatacaq.
Avropada isə əksinə, araşdırmanın məlumatlarına görə, heç bir dinə mənsub olmayan insanların payı 2020-ci ildə əhalinin dörddəbirindən 2070-ci ildə təxminən üçdəbirinə qədər artacaq. Eyni zamanda, Avropada müsəlmanların payının 6%-dən 13%-ə yüksələcəyi, yəni təxminən iki dəfə artacağı gözlənilir.
mənbə: az.shafaqna.com