İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinə yeni namizədi irəli sürdü

Aug 24, 2025 - 08:44
 0  22
İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinə yeni namizədi irəli sürdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri postuna Mamuka Mdinaradzenin namizədliyini irəli sürüb.

Baş nazirin sözlərinə görə, namizədlik parlamentə təqdim olunacaq.

Kobaxidze həmçinin vəzifəsindən gedən Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anri Oxanaşviliyə xidmətlərinə görə təşəkkür edib.

“Prosedura hökumətin parlamentə namizəd təqdim etməsini nəzərdə tutur. Parlament xidməti rəhbərinin səlahiyyətlərinin dayandırılması barədə məlumatı qəbul etdikdən sonra biz Mamuka Mdinaradzenin namizədliyini təqdim edəcəyik. Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Qeyd etmək istəyirəm ki, onun hüquq-mühafizə orqanlarında çoxillik təcrübəsi var ki, bu da Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik etmək üçün son dərəcə vacibdir. Son aylarda cinayətkarlığa qarşı mübarizə sahəsində ciddi nailiyyətlər əldə olunub. Korrupsiya ilə, narkotik cinayətkarlığı ilə və həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində mühüm addımlar atılıb. Nəticələr təsirli olsa da, problemlərin tam aradan qaldırılması üçün əlavə səylər tələb olunur və bu işdə Mamuka Mdinaradze təhlükəsizlik xidmətinin rəhbəri kimi mühüm rol oynaya bilər. Əminəm ki, parlament ona güclü etimad göstərəcək və mən ona bu vəzifədə uğurlar arzulayıram”, – deyə Baş nazir bildirib.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anri Oxanaşvili bu gün istefa verdiyini açıqlayıb. O bildirib ki, bundan sonra Gürcüstanın Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra edəcək.

mənbə: interpress