İrakli Kobaxidze: 2008-ci ildə müharibəni Saakaşvili rejimi başlatdı

“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze avqust müharibəsinin 17-ci ildönümü ilə bağlı mediaya verdiyi açıqlamada bildirib ki, Rusiya ilə Gürcüstan arasındakı müharibəni o vaxtkı Gürcüstan prezidenti Mixeil Saakaşvili başladıb.
“Gürcü Arzusu”nun 2024-cü ildə keçirdiyi parlament seçkiləri ilə bağlı hələ də Gürcüstanın tərəfdaşlarının sualları qalmasına baxmayaraq, İrakli Kobaxidze Saakaşvilinin ikinci müddətə prezident seçilməsinə gətirib çıxaran seçkiləri saxtalaşdırılmış adlandırıb.
“Saakaşvili saxtalaşdırılmış seçkilərlə hakimiyyətdə qaldı və Saakaşvilinin antidemokratik, qanlı rejimi avqust müharibəsini başladı... 2008-ci ildə o, Gürcüstanı təmsil etmirdi, çünki onlar qanlı diktatura qurmuşdular və saxtakarlıq yolu ilə hakimiyyətdə qalmışdılar...” – deyə İrakli Kobaxidze bildirib və əlavə edib ki, bunu Saakaşvili “dərin dövlətin” sifarişi ilə edib.
7 avqust tarixində, Rusiya–Gürcüstan müharibəsinin başlanmasından 17 il keçdi.
Beşgünlük müharibə Gürcüstanın 400-dən çox vətəndaşının – hərbçi və mülki şəxsin həyatına son qoydu, 30 minə yaxın insan isə qaçqın düşdü.
Gürcüstan ərazisinin 20%-i hazırda Rusiyanın işğalı altındadır– avqust müharibəsindən sonra Rusiya Gürcüstanın iki bölgəsini – Tsxinvali bölgəsini və Abxaziyanı “müstəqil respublika” kimi tanıdı.
“Gürcü Arzusu” hakimiyyəti müharibənin başlama tarixi kimi 2008-ci il 8 avqustu qəbul edir. Onlar müharibənin başlanmasında “Vahid Milli Hərəkat” hakimiyyətini ittiham edir və istintaq komissiyası da yaradıb.
Avqust müharibəsi kontekstində üzr istəmə məsələsinə “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili 14 sentyabrda Qoridə keçirilən seçki görüşündə toxunub. O gün o, bir daha əvvəlki hakimiyyəti 2008-ci ildə “müharibəni qızışdırmaqda” ittiham edib, liderlərini məhkəməyə verməklə hədələyib və üzr istəməyi vəd edib:
“26 oktyabr seçkiləri bitən kimi, müharibəni qızışdıranlar mühakimə olunanda, gürcü–osetin qardaşlıq və birgəyaşayışını dağıdan bütün cinayətkarlar ən sərt hüquqi cavabı alanda, biz mütləq güc tapıb üzr istəyəcəyik ki, tapşırıq əsasında, xəyanətkar "Vahid Milli Hərəkat" 2008-ci ildə bizim osetin bacı və qardaşlarımızı alova atdı.”
O vaxt Qoridə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin çıxışına sosial şəbəkələrdə Rusiya–Gürcüstan 2008-ci il müharibəsində həlak olanların ailə üzvləri reaksiya veriblər. Onlar bu bəyanata görə hakim partiyanı və onun liderini tənqid ediblər.
mənbə: marneulifm