Gürcüstanın bir neçə bölgəsində qanunsuz silah-sursat əməliyyatı-VİDEO
Daxili İşlər Nazirliyinin Tbilisi, Kaxeti, İmereti, Abxaziya Muxtar Respublikası və Samtsxe-Cavaxeti Polis Departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş profilaktik polis tədbirləri nəticəsində odlu silah və hərbi sursatın qanunsuz əldə edilməsi, saxlanılması, gəzdirilməsi, habelə hərbi sursatın qanunsuz satışı ittihamı ilə 5 nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı DİN yayır.
Qurumun bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin üstünə, avtomobillərinə və yaşayış evlərinə baxış keçirilərkən, həmçinin gizli istintaq tədbirləri nəticəsində maddi sübut kimi müxtəlif markalı odlu silahlar və hərbi sursat, o cümlədən 4 tapança, tapança-revolver, daraqlar və 265 ədəd patron götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 5-ci hissələri üzrə aparılır ki, bu da 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.