Gürcüstanın ali məktəblərində tələbə qəbulu kvotaları kəskin artırılacaq

Mar 25, 2026 - 15:21
 0  22
Gürcüstanın ali məktəblərində tələbə qəbulu kvotaları kəskin artırılacaq

Gürcüstanın Təhsil Nazirliyi 2028-2029-cu tədris ili üçün dövlət universitetlərində tələbə qəbulu kvotalarının əhəmiyyətli dərəcədə artırılacağını elan edib.

Xeber.ge xəbər verir ki, bu qərar təhsil sistemindəki struktur dəyişiklikləri ilə bağlıdır.

Nazirlikdən verilən izahata görə, kvotaların artırılmasına səbəb 11-ci və 12-ci sinif şagirdlərinin təhsili eyni vaxtda başa vurmalarıdır. Bu vəziyyət ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayının birdən-birə kəskin artmasına yol açacaq.

İslahatlar təkcə bakalavriat yox, magistratura pilləsini də əhatə edəcək. Belə ki, bakalavr proqramlarının böyük hissəsi artıq 3 illik modelə keçib. Nəticədə, 2027-2028-ci tədris ilində həm 2024-cü, həm də 2025-ci ildə qəbul olmuş tələbələrin əksəriyyəti məzun olacaq.

"Bununla əlaqədar olaraq, magistratura proqramlarına tələbatın artacağı gözlənilir. 2028-2029-cu tədris ili üçün dövlət universitetlərinin magistratura pilləsi üzrə qəbul yerləri də genişləndiriləcək," – deyə Təhsil Nazirliyinin bəyanatında bildirilir.

İslahat çərçivəsində ümumi təhsilin strukturu da dəyişir. Orta pillənin müddəti və tədris planı yeni standartlara uyğunlaşdırılır ki, bu da şagirdlərin universitetlərə keçidini daha səmərəli təşkil etməyə xidmət edir.