Didi Diğomi-Didube tramvay xəttinin tikintisi üzrə tender martın 31-də başa çatır
Tbilisidə tramvay xəttinin layihələndirilməsi və tikintisi üçün elan olunmuş tender bir neçə gündən sonra, martın 31-də başa çatacaq.
Xeber.ge xeber verir ki,
Layihə ilə bağlı tədarükçülərin çoxsaylı sualları var və onlar dövlət satınalmaları portalı vasitəsilə tender komissiyasına müvafiq müraciətlər ünvanlayırlar.
Bu suallar əsasən layihənin icrasının texniki tərəflərinə, təkliflərin təqdim edilmə müddətlərinə, həmçinin milli və xarici valyutada götürülən öhdəliklərə və hesablaşma qaydalarına aiddir. Lakin əksər hallarda tədarükçülərin xahişi tender müddətinin uzadılması ilə bağlıdır.
Dövlət satınalmaları səhifəsində alıcı tərəf olan "Tbilisi Nəqliyyat Şirkəti"nin dərc etdiyi cavabdan aydın olur ki, müddətlərə yenidən baxılması planlaşdırılmır və tenderdə iştirak etməkdə maraqlı olan şəxslər üçün təkliflərin qəbulu 31 mart saat 13:00-da yekunlaşacaq.
Məlumat üçün bildirək ki, layihəyə əsasən, tramvay xətti Didi Diğominin 3-cü və 4-cü mikrorayonlarının kəsişməsindən başlayacaq, David Aqmaşenebeli xiyabanı və Diğomi massivindən keçərək "Didube" metro stansiyasının yaxınlığındakı əraziyə birləşəcək. Rəsmi məlumatlara görə, tramvay xəttinin təxmini uzunluğu 7.5 km müəyyən edilib və xətt boyunca 11 dayanacaq yerləşəcək.
Xatırladaq ki, tramvay xəttinin tikintisi üzrə satınalma ikinci dəfə fevralın 16-da elan edilib. Bundan əvvəl, ötən ilin oktyabrında elan edilmiş ilk tender ləğv olunmuşdu; həmin vaxt buna səbəb kimi tender sənədlərində texniki parametrlərin və prosedurların korrektə edilməsi zərurəti göstərilmişdi.