Gürcüstanda yanacağın qiyməti Bir litrin qiyməti 4 lariyə yaxınlaşır

Apr 6, 2026 - 18:55
 0  43
Gürcüstanda yanacağın qiyməti Bir litrin qiyməti 4 lariyə yaxınlaşır

Gürcüstanın yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti son bir həftə ərzində 10-30 tetri aralığında yüksəlib.

Xeber.ge xeber  verir ki, hazırda ölkədə bir litr yanacağın qiyməti rekord həddə – 4 lariyə yaxınlaşır. Bahalaşma təkcə benzin növlərində deyil, dizel yanacağında da müşahidə olunur.

  Paytaxt sakinləri və sürücülər yaranmış vəziyyətdən ciddi narahatlıqlarını ifadə edirlər. Vətəndaşların sözlərinə görə, yanacağın bahalaşması zəncirvari reaksiya yaradaraq digər istehlak mallarının, xüsusilə ərzaq məhsullarının qiymətinə birbaşa təsir edir:

·         "Hər şey bahalaşır, yaxşılığa doğru heç nə yoxdur. Hökumət bu məsələni tənzimləməlidir";

·         "Artıq bazarda meyvə-tərəvəzin, yumurtanın qiyməti 'od tutub yanır'. Salat yarpağı 5 lari, alma 2 laridən aşağı deyil";

·         "Sentyabr ayı ilə müqayisədə qiymətlər kəskin fərqlənir, proqnoz vermək çox çətindir".

  İqtidarda olan "Gürcü Arzusu" partiyası isə qiymət artımına görə məsuliyyəti qlobal proseslərin üzərinə qoyur.

Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib ki, yanacaq bazarındakı dalğalanmalar birbaşa Yaxın Şərqdə baş verən hərbi-siyasi hadisələrlə bağlıdır.

"Yaxın Şərqdə vəziyyətin nə qədər gərgin olduğunu hamı görür. Bu, təkcə Gürcüstan üçün deyil, bütün dünya, o cümlədən Avropa ölkələri üçün ciddi çağırışdır.

Bir çox şəhərlərdə yanacaq qıtlığı və tədarük problemləri müzakirə olunur. Qiymətlərin artımı məhz bu qlobal proseslərin nəticəsidir", - deyə K. Kaladze vurğulayıb.

Mütəxəssislər yaxın vaxtlarda qiymətlərin enəcəyi ilə bağlı nikbin proqnozlar verməkdə çətinlik çəkirlər.