Gürcüstanda xüsusi əməliyyat: Pulemyot və külli miqdarda narkotik aşkar edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitə və odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə iki nəfəri saxlayıblar.
Xeber.ge xeber verir ki,
Nazirliyin məlumatına əsasən, hüquq-mühafizə organları Tsalka bələdiyyəsində D.M.-yə məxsus yaşayış evinə, avtomobilinə və üzərinə baxış keçirərkən xüsusilə külli miqdarda — 760 qram "qurudulmuş marixuana" aşkar ediblər. Digər saxlanılan şəxs S.M.-nin evinə və köməkçi tikililərinə keçirilən baxış zamanı isə 1 ədəd pulemyot, 2 ədəd daraq və 26 ədəd döyüş patronu maddi sübut kimi götürülüb.
Hər iki şəxs keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 236-cı maddəsinin 3-cü hissəsi (odlu silahın qanunsuz saxlanılması) ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.