Gürcüstanda tütün istehsalı üçün lisenziya tələbi 2026-cı ilə qədər təxirə salınır

Gürcüstanda tütün istehsalı üçün lisenziya alma öhdəliyinin tətbiqi 2026-cı il yanvarın 1-dək təxirə salınacaq.
Qanun layihəsi artıq parlamentdə müzakirəyə çıxarılıb.
Ötən ilin iyul ayında qəbul edilmiş qanuna əsasən, tütün istehsalı lisenziyalaşdırılan fəaliyyət kimi təsnif edilib və istehsalçılar üçün bir sıra tələblər müəyyən olunub. Lisenziyanın alınması üçün müəyyən edilmiş məbləğ 50 000 lari təşkil edir.
Lisenziyanın əldə edilməsi üçün şirkətlərə xüsusi laboratoriya qurmaq öhdəliyi qoyulub. Bu laboratoriyada istehsal edilən tütün məhsullarının hökumət tərəfindən müəyyən olunmuş standartlara uyğunluğu yoxlanmalıdır.
Lisenziya müddətinin 9 ay uzadılması təşəbbüskarları bu qərarı məhz laboratoriyaların yaradılması ilə bağlı çətinliklər və maliyyə xərcləri ilə izah edirlər.
Qanun layihəsinin izahat vərəqində qeyd olunur ki, laboratoriya avadanlıqlarının əksəriyyəti yerli bazarda mövcud deyil və bu cihazların alınması üçün beynəlxalq istehsalçılarla danışıqlar aparmaq, sifariş vermək və xaricdən idxal etmək lazımdır.
Bundan əlavə, avadanlıqların istehsalı, nəqli, quraşdırılması və texniki sazlanması üçün istehsalçı şirkətlərin texniki komandalarının iştirakı tələb olunur. Bu da laboratoriyaların quraşdırılması prosesini daha da çətinləşdirir.
Qanun layihəsinin izahatına görə, laboratoriya üçün zəruri avadanlıqların tam şəkildə satın alınması və quraşdırılması üçün təxminən 7-9 ay vaxt tələb olunur. Məhz bu səbəbdən lisenziya tələbinin qüvvəyə minməsi 2026-cı ilə qədər təxirə salınır.
mənbə: Interpress