Gürcüstanda torpaq sürüşməsi strateji yolu bağladı

Feb 9, 2026 - 12:15
 0  20
Gürcüstanda torpaq sürüşməsi strateji yolu bağladı

Gürcüstanın daxili yollarında təbiət hadisəsi nəticəsində ciddi fasilə yaranıb. Artıq 24 saatdan çoxdur ki, Zugdidi-Mestia magistral yolunda avtomobillərin hərəkətinə qoyulan qadağa davam edir.

Xeber.ge xəbər verir ki, Barjaşi kəndi yaxınlığında baş verən güclü torpaq sürüşməsi nəticəsində irihəcmli qaya parçaları və torpaq kütləsi yolu tamamilə bağlayıb. Hadisə yerinə cəlb olunan texnikanın azlığı işlərin ləngiməsinə səbəb olur; hazırda ərazidə yalnız bir ekskavator fəaliyyət göstərir.

Mestiadan geri dönən onlarla vətəndaş bütün gecəni öz avtomobillərində keçirmək məcburiyyətində qalıb. Bildirilib ki, təmizləmə işləri ötən gecə dayandırılsa da, bu gün səhər saatlarından yenidən bərpa edilib.

Yolun nə vaxt açılacağı ilə bağlı hələlik rəsmi məlumat verilməyib.