Gürcüstanda torpaq sürüşməsi olub, sakinlər təxliyə edilir
Gürcüstanın Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin məlumatına görə, Tkibuli bələdiyyəsinin Kursebbi kəndi ərazisində torpaq sürüşməsi baş verib.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları və xüsusi texnika səfərbər olunub.
Bildirilib ki, xilasedicilər ərazidə aktiv şəkildə işləyir və yerli əhali təhlükəsiz yerlərə təxliyə edilir.
Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat verilməyib.
Fövqəladə Halların İdarə Edilməsi Xidməti Kursebbi kəndinin sakinlərini hərəkət etməməyə və hadisə yerində olan hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.
Torpaq sürüşməsi səbəbindən Kutaisi–Tkibuli–Ambrolauri yolunun bir hissəsi bağlanıb.
Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, Kutaisi (Motsameta) – Tkibuli – Ambrolauri milli avtomobil yolunun 6-cı kilometrində baş verən torpaq sürüşməsi nəticəsində yol örtüyü zədələnib. Buna görə də həmin hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
mənbə: report