Gürcüstanda plastik qablarla bağlı qadağa yenidən təxirə salındı

Jul 6, 2026 - 12:17
 0  12
Gürcüstanda plastik qablarla bağlı qadağa yenidən təxirə salındı

Gürcüstanda ictimai iaşə obyektlərində birdəfəlik plastik qida qabları və stəkanlardan istifadəyə qoyulacaq qadağanın tətbiqi yenidən təxirə salınıb.

XEBER.GE xəbər verir ki,Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, birdəfəlik plastik qida konteynerlərinin istifadəsinə qadağa 2027-ci il yanvarın 1-dən, birdəfəlik plastik stəkanlara qadağa isə 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bildirilib ki, bununla bağlı Gürcüstan hökumətinin 8 iyun 2022-ci il tarixli, №304 saylı "Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik materiallar və məmulatlar haqqında" texniki reqlamentinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, ictimai iaşə obyektlərinin hazır qidaları birdəfəlik plastik konteyner və stəkanlarda müştərilərə təqdim etməsinə qoyulacaq qadağanın tətbiqi rəsmi şəkildə təxirə salınıb.

Xatırladaq ki, iyulun 1-də nazirlik daha bir qərar açıqlamışdı. Həmin qərara əsasən, ictimai iaşə obyektlərində içkilərin plastik butulkalarda təqdim edilməsinə dair qadağanın tətbiqi də 2031-ci ilə qədər ertələnib.

Bundan əvvəl Gürcüstan hökuməti 2026-cı il iyulun 1-dən ictimai iaşə obyektlərində müştərilərə içkilərin plastik butulkalarda təqdim edilməsini, 2027-ci il fevralın 1-dən isə (ixrac məqsədilə istehsal olunan məhsullar istisna olmaqla) plastik butulkalarda içkilərin istehsalı, idxalı və bazara çıxarılmasını qadağan etməyi planlaşdırırdı.

Qərarda bəzi istisnalar da nəzərdə tutulub. Belə ki, qadağa 3 litr və daha böyük həcmli içməli su butulkalarına, həmçinin 20 litr və daha böyük həcmli alkoqollu, alkoqolsuz və digər içkilərə şamil edilməyəcək. Bundan başqa, istisnalar Gürcüstan Daxili İşlər Nazirliyi, Müdafiə Qüvvələri və hərbi qulluqçular üçün də tətbiq olunacaq.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvilinin sözlərinə görə, hökumət gələcəkdə birdəfəlik və təkrar istifadə olunan plastik paketlərlə bağlı məhdudiyyətləri də sərtləşdirməyi nəzərdən keçirir.

Qeyd edək ki, "Coca-Cola Bottlers Georgia" şirkətinin təsisçisi Temur Çkonia daha əvvəl bu qərarı tənqid edərək bildirmişdi ki, plastik butulkalarda içkilərin satışının qadağan edilməsi ölkənin içki sənayesini "25 il geri salacaq". Onun sözlərinə görə, bu məsələ biznes nümayəndələri ilə əvvəlcədən müzakirə olunmayıb.