Gürcüstanda marixuana və kannabis bitkisinə dair cəzalar sərtləşdirilir

Jul 1, 2025 - 20:42
 0  20
Gürcüstanda marixuana və kannabis bitkisinə dair cəzalar sərtləşdirilir

Gürcüstan parlamenti marixuana və kannabis bitkisinə dair məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təcili rejimdə müzakirə edir.

Dəyişikliklər həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsi və digər qanunlara şamil olunacaq.

Qanun layihəsinə əsasən:

Kiçik miqdarda (kannabis üçün 10 qramadək, quru marixuana üçün 5 qramadək, yaş marixuana üçün 10 qramadək) alma, saxlama və daşımanın ilk halı inzibati məsuliyyətə səbəb olacaq. Təkrar hallarda isə cərimə, ictimai işlər və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Cinayət məsuliyyətinə düşən miqdar isə kannabis üçün 10-155 qram, quru marixuana üçün 5-70 qram, yaş marixuana üçün 10-150 qram həcmində müəyyənləşdirilib. Bu miqdarda alma və saxlama 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq, qanunsuz hazırlama, istehsal, göndərmə və ya daşıma isə 3 ildən 7 ilədək həbs cəzasını nəzərdə tutur.

Böyük miqdar sayılan hallarda (kannabis üçün 155-750 qram, quru marixuana üçün 70-250 qram, yaş marixuana üçün 140-500 qram) alma-saxlama 5-8 ilədək, istehsal və daşınma isə 6-9 ilədək həbs cəzasına səbəb olacaq.

Xüsusilə böyük miqdar (kannabis 750 qramdan çox, quru marixuana 250 qramdan çox, yaş marixuana 500 qramdan çox) hallarında isə 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Qanun layihəsi həmçinin marixuana və kannabis bitkisinin satışına dair cəzaların sərtləşdirilməsini də nəzərdə tutur.

Parlamentin Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladzenin sözlərinə görə, Konstitusiya Məhkəməsinin kannabisin becərilməsi ilə bağlı qərarları da nəzərdən keçiriləcək və ona digər narkotik maddə tərkibli bitkilərin becərilməsinə tətbiq edilən eyni sanksiyalar şamil ediləcək. Belə ki, 145 qramadək kannabis bitkisi yetişdirmək 6 ilədək azadlıqdan məhrumetmə, alternativ olaraq isə ictimai işlər və ya ev dustaqlığı ilə cəzalandırılacaq.

Arçil Qorduladze vurğulayıb ki, qanun marixuana istifadəsinə dair mövcud qaydaları sərtləşdirmir və bu sahədə hazırkı qaydalar qüvvədə qalacaq.

mənbə: interpress