Gürcüstanda külli miqdarda narkotik saxlanması və satışına yardım edən Ukrayna vətəndaşları saxlanıldı

Jul 26, 2025 - 12:55
 0  12
Gürcüstanda külli miqdarda narkotik  saxlanması və satışına yardım edən Ukrayna vətəndaşları saxlanıldı

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Ukrayna vətəndaşları – 2004-cü il təvəllüdlü O.A. və 1998-ci il təvəllüdlü O.A. – öncədən razılaşdırılmış qrup tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım göstərməkdə ittiham olunaraq saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirliyin bildirdiyinə görə, saxlanılan şəxslərin üzərində və yaşadıqları evdə aparılan axtarış zamanı 184 paketə qablaşdırılmış külli miqdarda “metadon” aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmçinin polis əməkdaşları tərəfindən onların göstərdiyi yerlərdən satış üçün hazırlanmış narkotik maddələr də aşkar edilərək götürülüb. Eyni zamanda, istintaq zamanı saxlanılan şəxslərin yaşadıqları evdə narkotik maddələrin qablaşdırılması üçün istifadə edilən materiallar və yapışqan lentlər də aşkar olunub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin II hissəsinin “b” və III hissəsinin “a” bəndləri, eləcə də 260^4-cü maddənin V hissəsinin “b” və VI hissəsinin “a” bəndləri ilə aparılır. Bu ittihamlar 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: interpress