Gürcüstanda 2,1 milyon larilik çirkli pulları yuyan dəstə saxlanıldı

Aug 4, 2026 - 13:43
 0  61
Gürcüstanda 2,1 milyon larilik çirkli pulları yuyan dəstə saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Kvemo Kartli Vilayət Prokurorluğu ilə əməkdaşlıq çərçivəsində keçirilmiş istintaq tədbirləri nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirlərin leqallaşdırılması faktları üzrə dörd nəfəri saxlayıblar.

XEBER.GE xəbər verir ki, həmin cinayət işi üzrə daha üç fiziki və üç hüquqi şəxsə qarşı ittiham irəli sürülüb.

Qurumun bildirdiyinə görə, cinayət 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər müvafiq lisenziya olmadan Kvemo Kartli bölgəsində Kür çayından sistemli şəkildə inert materiallar hasil edir, daha sonra isə onları müxtəlif sahibkarlıq subyektlərinə satırdılar.

İstintaq zamanı həmçinin müəyyən olunub ki, qanunsuz olaraq dəyəri 2 138 771 lari təşkil edən 343 608 kubmetr inert material hasil edilib. Bu əməl nəticəsində ətraf mühitə vurulan ziyan 2 235 507 lari təşkil edib.

Bununla yanaşı, təqsirləndirilən şəxslər qanunsuz fəaliyyət nəticəsində əldə edilmiş 2 138 771 lari məbləğində qanunsuz gəliri leqallaşdırıblar.

İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi və 194-cü maddəsinin 3-cü hissəsinin "a" və "g" bəndləri ilə aparılır ki, bu da cəza olaraq 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.