Gürcüstana narkotikləri uşaq qidası qablarında gətirirdilər

Dec 4, 2025 - 12:04
 0  17
Gürcüstana narkotikləri uşaq qidası qablarında gətirirdilər

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddələrin Gürcüstan ərazisinə qanunsuz gətirilməsi faktı üzrə Ukrayna vətəndaşı saxlanılıb.

 

“Xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə 1992-ci il təvəllüdlü H.D. tutulub.

 

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin əl yükünə baxış zamanı uşaq süni qidasının metal bankalarının içərisində gizlədilmiş xüsusilə külli miqdarda narkotik və psixotrop maddələr aşkar ediblər. Onların arasında 760 qramdan artıq “MDMA”, 762 qram “klefedron” və yarım kiloqramdan çox psixotrop maddə “ketamin” olub,” – deyə DİN-in məlumatında bildirilir.

 

Qurumun açıqlamasına görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260, 261, 262 və 263-cü maddələri üzrə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.