Gürcüstan Prezidenti seçkilərdən sonra Baş nazir postuna namizədin adını açıqlayacaq

Oct 23, 2024 - 14:13
 0  94
Gürcüstan Prezidenti seçkilərdən sonra Baş nazir postuna namizədin adını açıqlayacaq

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, "Gürcüstan Xartiyası"nı imzalayan müxalifət partiyalarının fikrini nəzərə alacaq və ölkədə parlament seçkiləri keçirildikdən sonra onların Baş nazir vəzifəsinə namizədinin adını açıqlayacaq.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

"Gürcüstan Xartiyası"nda yazılıb ki, Baş naziri mən təqdim etməliyəm. Mənim Baş nazir vəzifəsinə bir namizədim var. Dörd partiyanı nəzərə alıram, çünki heç bir uyğunsuzluq olmamalıdır, onlardan eşitmişəm ki, bu məsələ seçkilərdən sonra həll edilməlidir", - S.Zurabişvili bildirib.

Prezidentin sözlərinə görə, müxalifətin xartiya ilə bağlı şərhi düzgündür: “Çünki xartiyada Baş nazir vəzifəsinə namizədin seçkilərdən əvvəl və ya sonra irəli sürülməli olduğu yazılmayıb. Əksəriyyətin baxışı belə olduğu üçün seçkilərdən sonra bunu etmək daha yaxşı olacaq”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

mənbə: report