Gürcüstan Avronest PA-da iştirakını dayandırıb
Gürcüstanın daimi nümayəndə heyəti Avronest Parlament Assambleyasının (PA) növbəti sessiyalarında iştirak etməyəcək.
Bu bardə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin bəyanatında bildirilib.
Spiker qeyd edib ki, Avronest PA-nın sonuncu plenar sessiyasında qəbul olunmuş qətnamələrin mətnlərinə Gürcüstana qarşı düşmən, ədalətsiz və siyasi qərəzli münasibətləri ilə tanınan Avropa Parlamentinin bəzi üzvləri Gürcüstan cəmiyyəti üçün tamamilə qəbuledilməz əlavələr ediblər.
“Qətnamələrdən birində 26 oktyabr 2024-cü il parlament seçkiləri “saxtalaşdırılmış” və xalq tərəfindən seçilmiş hökumət “özünü elan etmiş” kimi adlandırılıb. Həmçinin, polis əməkdaşlarına və dövlət qurumlarına hücum edən və məhkəmə tərəfindən məhkum edilmiş şəxslər “siyasi məhbus” adlandırılıb və bununla da qanunun aliliyinin mahiyyətinə məhəl qoyulmayıb”, - bəyanatda deyilir.
Papuaşvili hesab edir ki, Avropa Parlamenti Avronest platformasını qonşu ölkələrə qarşı şantaj alətinə və özünün dar siyasi gündəmini zorla qəbul etdirmək vasitəsinə çevirib:
“Gürcüstan hər zaman “Şərq Tərəfdaşlığı” təşəbbüsünə konstruktiv, məhsuldar və əhəmiyyətli töhfə verib. Avropa Parlamenti konstruktiv dialoq üçün müvafiq şərait yaratsa, Gürcüstan parlamentinin daimi nümayəndə heyəti “Şərq Tərəfdaşlığı”nın bu parlament platformasında iştirakını bərpa etməyə hazır olacaq”.
Qeyd edək ki, Arvonest PA-nın sonuncu 12-ci plenar sessiyası 28-30 oktyabr tarixində İrəvanda keçirilib. Gürcüstan və Azərbaycan nümayəndə heyətləri toplantıda iştirak etməyiblər.
mənbə: apa