Gürcüstanda hökumət razılığı olmadan xarici qrantların alınması qadağan ediləcək

Apr 7, 2025 - 21:06
Apr 7, 2025 - 21:10
 0  12
Gürcüstanda hökumət razılığı olmadan xarici qrantların alınması qadağan ediləcək

Xarici qrant almaq üçün hökumətin və ya onun tərəfindən müəyyən edilmiş səlahiyyətli şəxsin razılığı tələb olunacaq – razılıq olmadan verilmiş qrantın qəbul edilməsi qadağan olunacaq və məsuliyyət doğuracaq.

Bu barədə məlumatı “Interpressnews” yayıb.

Agentliyin məlumatına görə, “Qrantlar haqqında” qanuna dəyişiklikləri “Gürcü Arzusu” təqdim edib. Qanun layihəsi sürətləndirilmiş prosedurla müzakirə olunacaq və qəbul ediləcək.

Layihəyə əsasən, hökumətə qrantın verilməsinə razılıq verməsi üçün 10 günlük müddət müəyyən edilir. Hökumətin qərarının məhkəməyə verilməsi onun icrasını dayandırmayacaq.

Həmin layihəyə əsasən, qadağan olunmuş qrantların verilməsi və qəbuluna nəzarəti Antikorrupsiya Bürosu həyata keçirəcək. Qadağan edilmiş qrantı qəbul edən şəxs həmin məbləğin ikiqatı qədər cərimələnəcək.

Qanun layihəsi istisnalar da nəzərdə tutur – konkret olaraq, hökumətin məcburi razılıq qaydası beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilmiş qrantlara, Gürcüstan hüdudlarından kənarda orta və ali təhsil və elmi fəaliyyət üçün verilmiş fərdi təqaüdlərə, eləcə də Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən verilən qrantlara şamil olunmur.

mənbə: marneulifm