Salome Zurabişvili artıq “müddəti bitmiş məhsuldur”

Zurabişvili artıq “çəkilmə mərhələsində olan, müddəti bitmiş məhsuldur” və ölkəyə xəyanət edib.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Salome Zurabişvili hazırda sıradan çıxarılma mərhələsindədir, necə ki, hər hansı bir müddəti bitmiş məhsul olur. Bu proses davam edəcək. Ona qarşı hətta konkret partiyaları da hərəkətə keçirdilər. 2018-ci ildə biz ona dəstək verdik. O zaman bir çox insan onu xəyanətkar adlandırırdı, amma ölkəyə xəyanət etdikdən sonra qəfildən qəhrəman elan olundu. Mən isə deyirəm: o, vətəninə xəyanət edib. Əslində onun vətəni belə yoxdur,” – deyə Kobaxidze bəyan edib.
Baş nazir əlavə edib ki, öz xalqı qarşısında vicdanla davranır və Gürcüstanda “ukrayna ssenarisinin” qarşısının alınmasında öz rolunu oynayıb:
“Mən xalqım qarşısında çox açığam. Gürcüstanda ukrayna ssenarisinin baş verməməsi üçün öz kərpicimi hörmüşəm. Gürcüstan isə mənim vətənimdir.”
İrakli Kobaxidze həmçinin müxalifətin qarşıdan gələn yerli özünüidarəetmə seçkilərində iştirak məsələsinə də toxunub və bildirib ki, bu, “Gürcü Arzusu” üçün heç bir maraq doğurmur.
“Bu, ümumiyyətlə bizim üçün maraqlı deyil. Bizim hədəfimiz parlament seçkilərində əldə etdiyimiz 54%-lik nəticəni daha da yaxşılaşdırmaqdır. Əminəm ki, 64 bələdiyyənin hamısında həm mer, həm də bələdiyyə şurası seçkilərində qalib gələcəyik,” – deyə baş nazir vurğulayıb.
mənbə: interpress