“Güclü Gürcüstan” koalisiyası MSK-nı məhkəməyə verib

Apr 6, 2025 - 14:46
 0  32
“Güclü Gürcüstan” koalisiyası MSK-nı məhkəməyə verib

“Güclü Gürcüstan” koalisiyası Mərkəzi Seçki Komissiyasının (MSK) qəbul etdiyi qərarın qanunsuz olduğunu bildirərək, bu gün ona qarşı məhkəməyə iddia ərizəsi təqdim edib.

Bu barədə koalisiyanın hüquqşünası Tornike Artkmeladze jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, “Elektron vasitələrlə səsvermənin keçirilməsi qaydaları və şərtlərinin müəyyən edilməsi haqqında” qərar Seçki Məcəlləsinə ziddir və müşahidəçilərin hüquqlarını ciddi şəkildə məhdudlaşdırır.

“İki gün əvvəl MSK qanunsuz qərar qəbul etdi. Bu qərarla müşahidəçilərə verifikasiya aparatlarını izləmək və onların foto-video çəkilişini aparmaq, habelə seçkiyə gələn şəxslərin şəxsiyyət vəsiqələrini yoxlamaq qadağan olunur. Bu, bizim uzun müddətdir səsləndirdiyimiz narahatlığın – 2024-cü il 26 oktyabr seçkilərinin necə saxtalaşdırıldığına dair iddiaların təsdiqidir. ‘Gürcü Arzusu’ xaricdə yaşayan Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarından istifadə edib. MSK-nın bu qərarı tamamilə qanunsuzdur və Seçki Məcəlləsinə ziddir. Buna görə də bu gün biz məhkəməyə müraciət etdik,” – deyə Artkmeladze bildirib.

Qeyd edək ki, MSK-nın son qərarına əsasən, seçki günü səsvermə məntəqəsində olan müşahidəçilər seçicinin şəxsiyyət vəsiqəsini tələb edə və ya ondan ala bilməz. Həmçinin, seçicinin şəxsiyyət sənədinin, verifikasiya aparatında göstərilən məlumatların, həmin aparatdan çap edilən qəbzin və bülletendə edilən seçimin foto-video çəkilişi və ya başqa formada emalı qadağandır.

mənbə: interpress