Giorgi Baçiaşvili həbsxanada fiziki zorakılığa məruz qalıb

“Birgə İnvestisiya Fondunun” keçmiş rəhbəri Giorgi Baçiaşvili Tbilisinin Qldani həbsxanasından məktub yayıb və orada üzərinə edilən fiziki zorakılığın təfərrüatlarını təsvir edib.
Baçiaşvili bildirib ki, ona fiziki hücum 11 iyul tarixində baş verib.
Onun yazdığına görə, əvvəlcə 8 iyulda №8 cəzaçəkmə müəssisəsinin rəhbəri David Qoqoberişvili onu yanına çağırıb və tövsiyə edib ki, “Bidzina İvanişvili üçün bütün bank hesablarını, kriptovalyuta dövriyyələrini və hesab ünvanlarını açsın”. 11 iyul axşamı isə kamerasına tanımadığı bir şəxs daxil olub və onu döyüb.
Baçiaşvilinin sözlərinə görə, həmin müəssisə rəhbəri ilə söhbət əvvəlcə dostyana tonda gedib, amma dolaylı təhdid xarakteri daşıyıb. Qoqoberişvili ona belə deyib:
“Giorgi, sən elə vəziyyətdə deyilsən ki, şərt qoyasan. Bilirsən də, həbsxanada hər cür adam var – dəli də, az dəli də.”
11 iyul saat 19:00 radələrində kamerasının qapısı açılıb və içəriyə uzunboylu, idman bədən quruluşlu, ağ köynəkli və cins şalvarlı bir şəxs girib. Baçiaşvili qeyd edir ki, həmin adam özünü təqdim etməyib və onun sualına aqressiv şəkildə “burada sualları yalnız mən verirəm” cavabını verib. Bundan sonra mübahisə tezliklə fiziki qarşıdurmaya çevrilib.
Baçiaşvili yazır ki, həmin şəxs onu yumruqlayıb, çiynindən qan çıxana qədər dişləyib, kamerada olan şüşə çay stəkanını başında sındırıb. Bu zaman o huşunu itirib. Ayılandan sonra həmin şəxs onu yenidən döyməyə başlayıb və stəkanın qırıqları ilə boğaz və üz nahiyəsini kəsməyə cəhd edib. Əl biləyində kəsik yarası, üzdə və çənədə şişkinlik, diş qırılması və bədənin müxtəlif hissələrində göyərmələr əmələ gəlib.
Məktubda qeyd olunur ki, hadisə baş verdikdən sonra müəssisənin növbətçi əməkdaşı kameranın kiçik pəncərəsini açıb, amma hücum edən şəxs ona “bağla” deyib və növbətçi də dərhal onun sözünə əməl edib. Hücum bundan sonra davam edib.
Hadisədən sonra Baçiaşvili bildirib ki, kamerada qan gölməçəsi əmələ gəlib, divarlar da qanla çirklənib. O, cəzaçəkmə müəssisəsinin rəhbəri ilə görüş tələb edib. Təxminən 10 dəqiqə sonra rəhbər gəlib və onu növbətçi cərrahın yanına aparıb. Orada yaralarına baxılıb və tikiş atılıb.
Baçiaşvili yazır ki, dəfələrlə vəkilinə və xalq müdafiəçisinə zəng etməyi tələb etsə də, ona bu imkanı verməyiblər. Səhhəti daha da pisləşəndə təcili tibbi yardım çağırılıb və onu “Vivamedi” klinikasına aparıblar. Klinikada başın KT müayinəsi, qan analizi edilib, başına və biləyinə tikiş atılıb, amma ağız içindəki yaraya tikiş vurulmayıb.
Baçiaşvili klinikada qalmaq istədiyini və özünü çox pis hiss etdiyini bildirib, amma ona rədd cavabı verilib və gecə saat 3 radələrində yenidən №8 müəssisəsinə qaytarılıb. Orada başqa kameraya yerləşdirilib.
Hadisədən sonra iki müstəntiq gəlib və ondan qanlı paltarını çıxarıb verməsini, izahat yazmasını istəyib. Amma Baçiaşvili vəkil olmadan izahat verməkdən imtina edib.
O, məktubunda başına gələnlərin onun mülkiyyətini məcburi yolla əlindən almaq və onu qorxutmaq cəhdi olduğunu qeyd edib və yazıb:
“Bəyan edirəm ki, neçə cinayətkarı kamerama göndərsələr də və kimdən zorakılıq baş versə də, mən sınmayacağam və məni qorxuda bilməyəcəklər.”
mənbə: interpress