Gecə namazının qılınma qaydası və fəziləti

Sep 29, 2026 - 09:40
 0  10
Gecə namazının qılınma qaydası və fəziləti

 Müstəhəb və nafilələr arasında ən fəzilətli namaz – gecə namazıdır.

Quran ayələri və hədislərdə digər müstəhəb namazlardan daha çox gecə namazına təkid olunub. Buna görə Allahın övliyaları davamlı şəkildə gecə namazı qılıblar.

Allah sevimli bəndəsi həzrət Məhəmmədə (s) gecə namazını vacib etdi. O belə göstəriş verdi: “Gecənin bir vaxtı durub sənə xas olan əlavə namazı qıl.”(İsra, 79)

Qur’an gecə namazı qılan və gecələr dua edib yalvaranları belə vəsf edir: “…Sübh vaxtı Allahdan bağışlanmaq diləyənlərdir.”(Ali İmran, 17)

“Okəslər ki, gecəni Rəbbi üçün səcdə və qiyam halında keçirər.”(Furqan, 64)

“Onlar gecələr az yatırdılar.”(Zariyat, 17)

Möminlər sübh vaxtı və gecələr ibadət üçün yataqlarından qalxar və ibadətə məşğul olarlar. Onlar behişt, hurilər və bu kimi ne’mətlərdən başqa Allah tərəfindən saxlanılmış və gözlərinin işıqlanmasına səbəb olan ne’mətlərlə mükafatlandırılarlar.(Səcdə, 17)

Buna görə gecə namazı bütün peyğəmbərlərə lütf olmuşdur.

Gecə namazı necə qılınır, gecə namazının qılınma qaydası necədir?
1) Səkkiz rükət sübh namazı kimi ( iki rükət-iki rükət) “gecə namazı” niyyəti ilə qılınır.
2) Sonra iki rükət namaz “Şəfı” niyyəti ilə (qunutsuz) qılınır.
3) Sonra daha bir rükət də “Vitr” namazı niyyəti ilə qılınır. Bəzi alimlərə görə müstəhəbdir ki, vitr namazının qunutunda insan qırx mömin üçün dua etsin və onların bağışlanmasını Allahdan istəsin və desin : ”Allahumməğfirli filan…”. Daha sonra öz istəyini Allah-taaladan istəsin və sonra yetmiş dəfə “əstəğfirullahi rəbbi və ətubu iləyh” desin.
Sonra da yeddi dəfə “Haza məqamul-aizi bikə minənnar” desin.
Daha sonra 300 dəfə “əl-əfv” desin.
Sonra rüku və səcdələr yerinə yetirilir və namaz tamam olur (Ayətullah Sistaninin risaləsi).

Bəs hədislərdə bu haqda məlumatlar və ya fəzilətləri haqqında sözlər varmı?

Təbii gecə namazının fəzilətləri haqqında hədislər və rəvayətlər mövcuddur. Burada onların kiçik hissəsini belə qeyd etmək mümkün deyildir. Buna görə, gecə namazının fəzilətləri haqqında bir neçə hədisi diqqətinizə çatdırırıq:

Peyğəmbər (s) bir neçə dəfə Həzrət Əliyə (ə) gecə namazını tövsiyə etdi: “Gecə namazını unutmayasan!

Başqa bir hədisdə deyilir: “Möminin şərəfi gecə namazıdır.”

İmam Sadiq (ə) buyurur: “Gecə namazı qılınan və Quran oxunan evlər səma əhlinə parlaq ulduzlar kimi görünər.”

Qüdsi bir hədisdə Allah-təala buyurur: “Məni sevdiyini iddia edib gecə çatan kimi yatan şəxs yalançıdır. Məgər bütün aşiqlər mə’şuqla xəlvətdə qalmaq istəmirmi?”

Bəs niyə görə bəzən gecə namazını qılmaq mümkün olmur və ya gecə namazından məhrum olmağın səbəbi nədir?

Bəzən günahlar və yalanlar insanın gecə namazından, duanın şirinliyindən məhrum olması ilə nəticələnir.

Hədisdə deyilir: “Bə’zən bir şəxs yalan danışır və buna görə gecə namazından məhrum olur.”

mənbə: az.shafaqna.com