Evdə narkotik vasitə hazırlayan 2 Rusiya vətəndaşı həbs edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik cinayətinə görə Rusiya Federasiyasının 2 vətəndaşı saxlanılıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, xüsusilə böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi və saxlanılması, həmçinin narkotik tərkibli bitkilərin – xüsusilə böyük miqdarda – qanunsuz əkilməsi və becərilməsi ittihamları ilə 1999-cu il təvəllüdlü V.M. və 1997-ci il təvəllüdlü A.K. həbs olunublar.
Cinayət sübuta yetirilərsə, onlara 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
“Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanılan şəxslərin üzərinə və yaşadıqları mənzilə baxış zamanı müxtəlif növ və xüsusilə böyük miqdarda narkotik maddələr – 7 litrdən artıq maye ‘kokain’ və 40 qramlıq ‘kokain’ kristalları aşkar edilərək götürülüb.
İstintaq müəyyən edib ki, saxlanılan şəxslər Tbilisidə müvəqqəti yaşadıqları mənzildə laboratoriya quraraq, maye ‘kokain’dən istifadə etməklə narkotik vasitəni kustar üsulla hazırlayırdılar.
Əlavə olaraq, narkotik vasitələrin qablaşdırılması üçün istifadə edilən materiallar da polis tərəfindən götürülüb.
Narkotik tərkibli bitkilərin yetişdirilməsi üçün qurulmuş xüsusi istixanada isə xüsusilə böyük miqdarda 20 ədəd ‘kannabis’ bitkisi aşkarlanıb və götürülüb,” – DİN-in məlumatında deyilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin III hissəsinin "a" bəndi və 265-ci maddəsinin III hissəsinin "a" bəndi ilə aparılır.
mənbə: marneulifm