Borjomidə Şərq incisi - azərbaycanlı baş konsulun sevgilisinə həsr etdiyi tikili - “FİRUZƏ”

Apr 12, 2025 - 11:16
 0  19
Borjomidə Şərq incisi - azərbaycanlı baş konsulun sevgilisinə həsr etdiyi tikili - “FİRUZƏ”
Borjomidə Şərq incisi - azərbaycanlı baş konsulun sevgilisinə həsr etdiyi tikili - “FİRUZƏ”
Borjomidə Şərq incisi - azərbaycanlı baş konsulun sevgilisinə həsr etdiyi tikili - “FİRUZƏ”
Borjomidə Şərq incisi - azərbaycanlı baş konsulun sevgilisinə həsr etdiyi tikili - “FİRUZƏ”
Borjomidə Şərq incisi - azərbaycanlı baş konsulun sevgilisinə həsr etdiyi tikili - “FİRUZƏ”

Gürcüstanın Borjomi şəhəri təkcə müalicəvi mineral suları ilə deyil, həm də özünün tarixi binaları və unikal memarlıq nümunələri ilə fərqlənir. Bu abidələrdən biri də Qərbi Azərbaycandan olan tanınmış dövlət xadimi Mirzə Rza Xan Ərfəüddövlənin sevdiyi qadın üçün inşa etdirdiyi və “Firuzə” adını verdiyi binadır.

Borjominin mərkəzində yerləşən bu tikili həm Şərq, həm Avropa, həm də Cənubi Azərbaycan memarlığının harmoniyasını özündə birləşdirir. Binanın fasadındakı yazılardan məlum olur ki, tikinti 1892–1893-cü illərdə aparılıb. 1175 kvadratmetrlik sahəni əhatə edən və 30 otaqdan ibarət olan saray psevdo-Mavritan üslubunda inşa olunub, firuzəyi plitələrlə bəzədilib, güzgülü dekor elementləri ilə tamamlanıb və 110 lampa ilə işıqlandırılıb.

Əslən İrəvandan olan, 1846-cı ildə Təbrizdə doğulmuş Mirzə Rza Xan İran ordusunda general və diplomat kimi fəaliyyət göstərib. O, 1889–1895-ci illərdə Tbilisidə İranın baş konsulu olub. Tarixi mənbələrə görə, Mirzə Rza Xan Gürcüstanda dörd saray inşa etdirib ki, onlardan yalnız ikisi – Tbilisidəki “Almaz sarayı” və Borjomidəki “Firuzə” binası bu günə qədər gəlib çatıb.

Borjomi şəhərinin baş memarı Mariam Gelaşvili “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, bu tikili haqqında bir neçə versiya mövcuddur:

“Deyirlər ki, onu İranın o zaman Tbilisidəki baş konsulu Mirzə Rza Xan sevgilisi Firuzə üçün inşa etdirib. Adı da buna görə "‘Firuzə" qoyulub. Lakin bəziləri düşünür ki, bina firuzəyi plitələrlə bəzədildiyi üçün bu ad verilib. Həqiqəti isə dəqiq bilmirik. Bir memar kimi deyə bilərəm ki, bu, doğrudan da gözəl bir binadır. Divarlarında güzgülər istifadə olunub, bu da ona xüsusi zəriflik qatır. Sovet dövründə – 1925-ci ildə bina hotelə çevrilib və uzun müddət sanatoriya kimi fəaliyyət göstərib”.

Onun sözlərinə görə, 1990-cı illərdə bu memarlıq incisi qaçqınların müvəqqəti məskunlaşma yeri olub və bu, onun orijinal görünüşünə zərər verib. Lakin 2000-ci ildən sonra binada bərpa işləri aparılıb və tarixi abidə əvvəlki əzəmətini saxlayıb.

“İndi bu bina Borjominin memarlıq incilərindən sayılır. Bu, sadəcə tarixi bir bina deyil, bura yerli sakinlərlə yanaşı, azərbaycanlılar üçün də nostalji yerdir”, - deyə Mariam Gelaşvili bildirib.

Qeyd edək ki, Mirzə Rza Xanın memarlıq irsinə Monakodakı “Villa Daneş”, Təbriz və Tehrandakı şəxsi iqamətgahları da daxildir.

“Firuzə” bağ evi həm də Mirzə Rza Xanın vaxtilə Tbilisidə yaşadığı binanın analoqu hesab edilir. Həm İran diplomatik tarixinin, həm də Şərq memarlığının gözəl nümunəsi olan bu bina tarixin izlərini Gürcüstan torpağında yaşadır. Eyni zamanda, Azərbaycan və Gürcüstan tarixini birləşdirən nadir tikililərdən biridir və bu gün də azərbaycanlı ziyarətçilər üçün doğma bir məkandır.

Gürcülər bu binanı Azərbaycan, Avropa, eləcə də gürcü memarlıq üslubunun harmoniyasını özündə birləşdirən abidə hesab edirlər.

Beləliklə, bu bina yalnız sevgi və sənəti birləşdirən bir nümunə deyil, həm də azərbaycanlıların regionda qoyduğu unudulmaz izlərin canlı sübutudur.

mənbə: report