Batumidə bazarın yaxınlığında 43 yaşlı kişi güllələndi-VİDEO
Gürcüstanın kurort şəhəri Batumidə, insanların sıx olduğu ərazidə odlu silahın tətbiqi ilə səs-küylü qətl hadisəsi törədilib.
Xeber.ge xəbər verir ki, hadisə şəhərin "Bon” adlanan yaşayış massivində qeydə alınıb.
İlkin məlumatlara görə, hadisə yerli bazarın yaxınlığında baş verib. Naməlum şəxs orada olan 43 yaşlı kişiyə qəfildən atəş açıb.
Aldığı çoxsaylı güllə yaralarından 43 yaşlı şəxs hadisə yerindəcə dünyasını dəyişib.
İstintaqın əsas versiyalarından birinə görə, hücum edən şəxs qurbanını əvvəlcədən təqib edib və bazarın yaxınlığında ona qarşı pusqu quraraq cinayəti planlı şəkildə törədib.
Hadisənin videomüşahidə kameraları ilə təchiz olunmuş ərazidə baş verdiyi bildirilir.
Qanlı hadisə baş verən an ərazidə olan qonşular və şahidlər mediaya dəhşətli dəqiqələri belə nəql ediblər:
"Evdə televizora baxırdıq, basketbol matçı yayımlanırdı. Birdən kənardan ard-arda güllə səsləri gəldi.
Təxminən 7-8 dəfə atəş açıldı. Həyəcanla çölə qaçdıq və bu dəhşətli mənzərə ilə qarşılaşdıq.
Yanımızda uşaqlar, rəqqaslar var idi, qorxudan hamısı ağlamağa başladı. Kimisə vurdular, qatil isə qaçıb gizləndi. Hər şey cəmi yarım saatın içində baş verdi".
Hazırda hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər səfərbər olunub.
Qətlin törədildiyi zona sarı təhlükəsizlik lentləri ilə tamamilə mühasirəyə alınıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları qaçan şübhəli şəxsin izinə düşmək üçün ərazidəki kameraların görüntülərini ekspertizaya götürüblər.
Hələlik silahlı şəxsin kimliyinin müəyyən edilib-edilmədiyi barədə rəsmi açıqlama verilməyib. Faktla bağlı qəsdən adam öldürmə və qanunsuz silah gəzdirmə maddələri ilə cinayət işi açılıb, cinayətkarın saxlanılması üçün genişmiqyaslı əməliyyat aparılır.