Batumidə 85 milyon dəyərində 298 kiloqram heroin aşkarlanıb – bir nəfər saxlanılıb

Jun 18, 2025 - 16:11
 0  15
Batumidə 85 milyon dəyərində 298 kiloqram heroin aşkarlanıb – bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) beynəlxalq narkotrafikə qarşı həyata keçirilmiş əməliyyat nəticəsində konteynerlərdə gizlədilmiş 298 kiloqram heroin müsadirə edib. Qurumun məlumatına görə, həmin narkotik vasitənin qara bazardakı dəyəri təxminən 85 milyon lari təşkil edir.

Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə olunması, saxlanması və ölkəyə gətirilməsi ittihamı ilə bir Gürcüstan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, gömrük sənədlərinə əsasən, yanğına davamlı kərpiclə yüklənmiş yük maşını Ermənistandan Gürcüstana “Ququti” sərhəd-keçid məntəqəsi vasitəsilə daxil olub və Batumi üzərindən Avropaya getməli imiş.

Saxlanma və yoxlama zamanı yük maşının qoşqusunda plastikdən hazırlanmış, kərpicə bənzəyən 600 konteyner aşkarlanıb. Bu konteynerlərin içərisində isə heroin gizlədilib.

Nazirliyin məlumatına əsasən, bu beynəlxalq narkotrafik faktı Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti, Patrul Polisi Departamenti, Baş Prokurorluq və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş birgə əməliyyat nəticəsində üzə çıxarılıb.

Hazırda digər şübhəli şəxslərin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri üzrə aparılır. Təqsirləndirilən şəxsi 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

mənbə: interpress