Axaltsixedə şəxsi həyatın toxunulmazlığını pozan şəxsə ağır cəza verilib

Apr 15, 2026 - 16:28
 0  28
Axaltsixedə şəxsi həyatın toxunulmazlığını pozan şəxsə ağır cəza verilib

Axaltsixe Rayon Məhkəməsi şəxsi həyatın sirrini qanunsuz əldə etmə, saxlama, yayma və təqib faktları üzrə ittiham olunan şəxs barəsində hökm çıxarıb. Məhkəmə prokurorluğun təqdim etdiyi sübutları tam əsaslı hesab edərək təqsirləndirilən şəxsi azadlıqdan məhrum edib.

 Xeber.ge xəbər verir ki, məhkəmə araşdırması zamanı cinayətin şok təfərrüatları məlum olub.

  İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük nümayiş etdirərək, sosial şəbəkələr vasitəsilə zərərçəkmiş qadınla onun istəyi xaricində kommunikasiya qurub. Bu davamlı təqiblər qurbanın psixi əzab çəkməsinə və həyat tərzini məcburi dəyişməsinə səbəb olub.

Bundan başqa, həmin şəxs qanunsuz yolla zərərçəkmişin şəxsi həyatına dair gizli fotoları əldə edərək mobil telefonunda saxlayıb. Digər bir epizod üzrə isə təqsirləndirilən şəxsin ikinci zərərçəkmişlə cinsi əlaqəsini gizli şəkildə videoya çəkdiyi və həmin görüntüləri "Instagram" vasitəsilə qurbanın keçmiş tərəfdaşına göndərərək yaydığı sübuta yetirilib.

  Məhkəmə qərarı ilə təqsirləndirilən şəxs Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə təqsirli bilinib:

·         157-ci (prim) maddə: Şəxsi həyatın sirrini qanunsuz əldə etmə, saxlama və yayma (iki epizod);

·         151-ci (prim) maddə: Təqib (stalkinq).

Axaltsixe Rayon Məhkəməsinin hökmü ilə həmin şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.