Antikorrupsiya Bürosu Mamuka Xazaradzenin əmlak bəyannaməsini araşdırır

Gürcüstanın Antikorrupsiya Bürosu "Lelo – Güclü Gürcüstan" partiyasının lideri Mamuka Xazaradzenin əmlak vəziyyətinə dair təqdim etdiyi bəyannamənin monitorinqi ilə bağlı araşdırma aparır.
Bu barədə büro rəsmi məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı diqqət Xazaradzenin ailə üzvünün mülkiyyətində olan daşınmaz əmlakla və bu əmlakla bağlı bağlanmış müqavilələrin bəyannamədə dəqiq əks olunub-olunmamasına yönəlib.
Xüsusi maraq doğuran məqam isə Xazaradzenin ailə üzvü ilə Almaniyanın Gürcüstandakı səfiri arasında bağlanmış müqavilənin bəyannamədə niyə qeyd olunmamasıdır.
Bəyanatda qeyd olunur ki, məqsəd təqdim olunmuş məlumatların qanunvericiliyə uyğunluğunu müəyyənləşdirməkdir. Gürcüstan qanunlarına əsasən, vəzifəli şəxs özünün və ailə üzvlərinin əmlakı və maliyyə əməliyyatları barədə tam və düzgün məlumat verməlidir.
Büro onu da əlavə edib ki, hazırda Xazaradzenin bəyannaməsində qeyd olunan ianələrlə bağlı detallar da öyrənilir və bu, siyasi korrupsiya risklərinin qiymətləndirilməsi məqsədilə aparılır.
Xatırladaq ki, 4 avqustda Gürcüstanın Gəlirlər Xidməti mediada yayılan məlumat əsasında araşdırma başladığını açıqlayıb. Məlumata görə, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Xazaradzenin ailəsinə məxsus mənzili kirayə götürüb. Xidmətin açıqlamasına görə, məsələ ilə bağlı potensial vergi pozuntusu qeydə alınıb.
Sonradan Mamuka Xazaradze məsələ ilə bağlı bəyanat verərək bildirib ki, sözügedən kirayə müqaviləsi qanuna uyğun şəkildə tərtib və qeydiyyatdan keçirilib. O, əlavə edib ki, keçən həftə vergi ilə bağlı texniki anlaşılmazlıq aşkarlanıb və bu səbəbdən məsələ öz təşəbbüsləri ilə vergi orqanında qeydə alınıb, borc tam ödənilib.
Gəlirlər Xidməti isə qeyd edir ki, Xazaradzenin ailəsi yalnız mediada məlumat yayıldıqdan sonra vergi bəyannamələrinin təqdim edilməsi üçün onlara müraciət edib. Müvafiq sənədlər həm Xazaradzenin ailəsindən, həm də Notariuslar Palatası və Dövlət Reyestrindən tələb olunub ki, müqavilənin həqiqətən mövcud olub-olmadığı müəyyənləşdirilsin.
mənbə: interpress