Amsterdamda israilli azarkeşlərə qarşı dəhşətli hücum: Onlarla saxlanılan var
Niderland polisi Amsterdam şəhərində yerli "Ayaks" və Təl-Əvivin "Makkabi" komandaları arasında keçirilən futbol oyunu zamanı baş verən iğtişaşlarla bağlı 57 nəfəri həbs edib.
Xeber.ge xəbər verir ki, bu barədə qurumun saytında dərc edilən bəyanatda bildirilib.
Məlumata görə, həbslər hələ oyundan əvvəl, "Makkabi"nin bir neçə yüz azarkeşi Dam meydanı ətrafında toplaşanda başlayıb. O zaman hüquq-mühafizə orqanları "ictimai asayişin pozulması da daxil olmaqla müxtəlif hüquqpozmalar"a görə təxminən 10 nəfəri saxlayıb.
Qurum xatırladıb ki, "Makkabi" oyunçularının gəlişinə qarşı əvvəlcədən elan edilmiş etiraz aksiyası bu fonda başqa yerə - Anton de Kompleyn meydanına köçürülüb. Nümayişçilərin bir hissəsi oradan stadionda keçmək cəhdi göstərib, bundan sonra polislə toqquşmalar başlayıb.
Hadisə nəticəsində bir polis əməkdaşı xəsarət alıb. Krallıq polisinin məlumatına görə, ümumilikdə 57 nəfər həbs edilib, onların əksəriyyəti ictimai asayişi pozduğuna görə saxlanılıb.
Son məlumatlara görə, Amsterdamın müxtəlif rayonlarında "Makkabi" futbol klubunun İsrail azarkeşlərinə qarşı bir sıra hücumlar nəticəsində 10 nəfər xəsarət alıb. "The Times of Israel" qəzeti ölkənin Xarici İşlər Nazirliyinə istinadən yazır ki, xəsarət alanlar hazırda əlaqəyə çıxmadıqları üçün onların xəsarətlərinin xarakteri məlum deyil.
Bundan başqa, İsrail XİN öz vətəndaşlarına hotelləri tərk etməməyi tövsiyə edib. İsrailin Milli Təhlükəsizlik Şurası isə öz növbəsində ictimai yerlərdə İsrail və ya yəhudi simvollarını nümayiş etdirməməyə çağırıb.