Ali Məhkəmə qətl cəhdində bəraət almış şəxsə 11 il həbs cəzası verib

Jul 11, 2025 - 12:08
 0  11
Ali Məhkəmə qətl cəhdində bəraət almış şəxsə 11 il həbs cəzası verib

Gürcüstanın Ali Məhkəməsi prokurorluğun şikayətini tam şəkildə təmin edib və qəsdən adam öldürməyə

cəhd faktı üzrə Telavi Rayon Məhkəməsi və Tbilisi Apellyasiya Məhkəməsinin bəraət hökmü ilə azad edilmiş şəxsi təqsirli bilib. Ona 11 il azadlıqdan məhrumetmə cəzası verib. Bu barədə məlumatı Prokurorluq yayıb.

"Məhkəmə prosesində ittiham tərəfinin təqdim etdiyi sübutlarla təsdiqləndi ki, 2023-cü il aprelin 30-da, Telavi bələdiyyəsinin Vardisubani kəndində təqsirləndirilən şəxs qisas motivi ilə, öldürmək məqsədilə zərərçəkmişə bıçaqla həyat üçün təhlükəli xəsarətlər yetirib. Təcili tibbi yardım nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

Cinayəti törətmiş şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19 və 108-ci maddələri (qəsdən adam öldürməyə cəhd) ilə ittiham irəli sürülüb.

Telavi Rayon Məhkəməsi həmin şəxsi bəraət hökmü ilə azad edib. Bu hökm Tbilisi Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb. Lakin ittiham tərəfi bununla razılaşmayaraq hökmü yuxarı instansiyaya şikayət edib.

Ali Məhkəmə Gürcüstan Prokurorluğunun şikayətini tam təmin edərək, təqsirləndirilən şəxsə cəza növü və müddəti kimi 11 il azadlıqdan məhrumetmə təyin edib,” – deyə məlumatda qeyd olunur.

mənbə: marneulifm