40 yaşlı şəxs pedofiliya və azğın davranış ittihamı ilə saxlanıldı

May 2, 2025 - 16:57
 0  27
40 yaşlı şəxs pedofiliya və azğın davranış ittihamı ilə saxlanıldı
: :
playing

Gürcüstanın Xüsusi İstintaq Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində pedofiliya, seksual təzyiq və əxlaqsız hərəkətlərlə bağlı beş hadisə aşkarlanıb.

Bu cinayətlərlə əlaqədar olaraq Tbilisidə yaşayan 40 yaşlı bir kişi saxlanılıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs İ.M. məqsədli şəkildə saxta "Facebook" və "Instagram" hesabları yaradaraq, Gürcüstanın müxtəlif bölgələrində yaşayan 14 yaşdan kiçik qızlarla əlaqə qurub. O, öz yaşını və şəxsiyyətini gizlədərək, onlara pornoqrafik məzmunlu foto və videolar göndərib, seksual mövzularda söhbətlər aparıb və nəticədə azyaşlı qızları çılpaq şəkillər və videolar göndərməyə məcbur edib.

Təqsirləndirilən şəxs eyni üsullarla Gori rayonunda yaşayan 11 yaşlı və Tbilisidə yaşayan 12 yaşlı qızlarla da əlaqə qurub. Onlara da pornoqrafik məzmunlu materiallar göndərib və intim mövzularda söhbətlər aparıb.

Xüsusi İstintaq Xidməti tərəfindən aparılan əməliyyat və istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs saxlanılıb. 2025-ci il mayın 1-də Gürcüstan Prokurorluğu tərəfindən ona qarşı pedofiliya və əxlaqsız hərəkətlərlə bağlı beş epizod üzrə ittiham irəli sürülüb. Bu cinayətlərə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Zərərçəkmiş uşaqlara dövlət hesabına psixoloji reabilitasiya kursları təklif olunacaq. Xüsusi İstintaq Xidməti valideynləri uşaqlarının internetdəki fəaliyyətlərinə diqqət yetirməyə və ehtiyatlı olmağa çağırır.

mənbə: interpress