Zurabişvili Moskvaya qarşı ittihamı sübut edə bilməyib
Polşa prezidenti Anjey Duda Gürcüstan prezidenti Salome Zurabişvili ilə telefon danışığı aparıb.
Bu barədə Polşa prezidenti RadioZet radiostansiyasının efirində bildirib.
Duda qeyd edib ki, o, bazar ertəsi Zurabişvili ilə telefonla danışıb.
Duda Zurabişvilidən Rusiyanın Gürcüstandakı 26 oktyabr tarixli parlament seçkilərinə müdaxilə eddib-etmədiyini soruşub. Gürcüstan prezidenti bununla bağlı əlində heç bir sübutun olmadığını bildirib.
“O, bunu təsdiq etmədi, heç bir sübut yoxdur”, - deyə Polşa prezidenti Anjey Duda qeyd edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Zurabişvilinin ittihamlarını rədd edərək, Moskvanın Gürcüstanın daxili işlərinə qarışmadığını və bunu etmək niyyətində olmadığını vurğulayıb.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Rusiya ilə münasibətlərin qorunub saxlanmasının tərəfdarı olan hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səs toplayıb. Dörd müxalifət partiyası da ümumilikdə 37,78% səs toplayaraq parlamentə daxil olub.
Müxalifət artıq Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımadığını bəyan edib.
Avropayönlü müxalifəti dəstəkləyən Gürcüstan prezidenti Salome Zurabişvili də seçkilərin nəticələrinə etiraz etməyə çağırıb.
mənbə: modern