Yeni miqrasiya qanunu Mixail Saakaşvilini həbsdən xilas edə bilər?
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin parlamentə təqdim olunan yeni qanun layihəsi əsasında həbsdən vaxtından əvvəl azad edilə biləcəyi məsələsi gündəmi zəbt edib.
Söhbət Daxili İşlər Nazirliyi tərəfindən miqrasiya proseslərinin idarə edilməsi məqsədilə hazırlanan və əcnəbilərin ölkədə qalma qaydalarını əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qanunvericilik paketindən gedir.
Xeber.ge xəbər verir ki, sözügedən qanun layihəsi əcnəbi məhkumların cəzasının çəkilməmiş hissəsinin ölkədən qovulma və Gürcüstana girişin qadağan edilməsi ilə əvəzlənməsini nəzərdə tutur.
Hüquqşünasların rəyinə görə, hazırda Gürcüstan vətəndaşı olmayan və cəzasının demək olar ki, beş ilini çəkmiş Saakaşvili bu kriteriyalara tam uyğun gəlir.
"Cinayət Məcəlləsinə edilən bu dəyişiklik müxtəlif cinayətlərə görə ölkədə cəza çəkən əcnəbi məhkumlara şamil olunur.
Burada yeni mexanizm – qalan cəzanın ölkədən qovulma və giriş qadağası kimi daha yüngül cəza ilə əvəzlənməsi müəyyən edilir.
Qanunla nəzərdə tutulmuş müddəti çəkmiş əcnəbi məhkumun qalan həbs müddətini bu cür əvəzləmək hüququ yerli şuralara veriləcək. Bu addım dövlət resurslarına əhəmiyyətli dərəcədə qənaət edilməsinə şərait yaradacaq".