Xüsusi İstintaq Xidməti patrul inspektorunu zorakılıq və ölüm təhdidi ittihamı ilə həbs edib

Xüsusi İstintaq Xidməti zorakılıq və ölüm təhdidi faktı üzrə Patrul Polisi Departamentinin patrul inspektorunu həbs edib.
Bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
Aparılan istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs birgə yaşayış dövründə həyat yoldaşına dəfələrlə fiziki zorakılıq tətbiq edib və ona qarşı təhdidlər səsləndirib.
2024-cü il yanvarın 14-də, Tbilisidə, yaşayış mənzilində mübahisə zamanı təqsirləndirilən şəxs azyaşlı övladının gözü qarşısında həyat yoldaşını döyüb, çənəsini möhkəm sıxıb, saçından çəkərək ona ölüm təhdidi səsləndirib. Daha sonra zorakılığı və təhdidləri davam etdirib.
Zərərçəkmiş qadının müraciətindən dərhal sonra Xüsusi İstintaq Xidməti operativ şəkildə araşdırmalara başlayıb. Təcili istintaq tədbirləri çərçivəsində zərərçəkmiş və şahidlər dindirilib, təqsirləndirilən şəxsin cinayətdə iştirakını sübut edən ölüm təhdidini əks etdirən səs yazısı əldə edilib.
Sübutlar toplandıqdan sonra, məhkəmənin qərarı əsasında, Xüsusi İstintaq Xidmətinin əməkdaşları patrul inspektorunu saxlayıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (prima) maddəsinin ikinci hissəsinin “b” bəndi və 11 (prima) 151-ci maddəsinin ikinci hissəsinin “d” bəndi üzrə davam etdirilir. Təqsirləndirilən şəxsə qanunvericiliyə uyğun olaraq ittiham irəli sürüləcək. Bu cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
mənbə: Interpress