Ukraynada döyüşən gürcülər – Gürcüstan DİN-i silahlarını təhvil vermələrini tələb edir

May 14, 2025 - 13:44
 0  36
Ukraynada döyüşən gürcülər – Gürcüstan DİN-i silahlarını təhvil vermələrini tələb edir

Ukraynada döyüşən gürcü döyüşçü Rati Burduli məktub yayımlayıb. Məktubda bildirilir ki, Rusiya məhkəməsinin çıxardığı qiyabi məhkumetmə qərarına əsasən, Gürcüstanın Daxili İşlər Nazirliyi Ukraynada döyüşən bəzi gürcülərin silah saxlamaq icazəsini ləğv edir.

“Bildiririk ki, Gürcüstanın “Silah haqqında” qanunun 27-ci maddəsinin (d)(5) bəndinə əsasən, silah saxlama icazəsi (lisenziya) ləğv edilir, əgər icazə sahibinə qarşı qanuni qüvvəyə minmiş məhkumetmə hökmü mövcuddursa.

Nəzərə alınmaqla ki, sizin barənizdə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü bəndi ilə qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılıb, həmin qanunun 28-ci maddəsinə əsasən, bu bildirişin təqdim olunmasından etibarən 30 gün ərzində Gürcüstan qanunvericiliyinə uyğun hərəkət etməlisiniz…” – deyilir məktubda.

Rati Burduli Rusiya tərəfindən 2022-ci ilin martından 2024-cü ilin avqustunadək Ukrayna tərəfində döyüşməkdə ittiham olunur. Rusiya məhkəməsi onu qiyabi olaraq 14 il azadlıqdan məhrum edib.

Sözügedən məktub “Qirçi – Daha çox azadlıq” partiyasının üzvü Tinatin Bolkvadze tərəfindən də sosial şəbəkədə paylaşılıb.

Məktubu şəxsən Rati Burduli alıb, ya yox – bu, hələlik məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hələlik heç bir açıqlama yaymayıb.

mənbə: marneulifm