Tbilisidə qətl hadisəsi baş verib: şübhəli şəxs saxlanılıb

Jun 30, 2025 - 11:25
 0  13
Tbilisidə qətl hadisəsi baş verib: şübhəli şəxs saxlanılıb

Tbilisidə baş verən qətl faktı ilə bağlı bir nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-nin yaydığı məlumatda bildirilir ki, Tbilisi Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilmiş operativ və istintaq tədbirləri nəticəsində 1963-cü il təvəllüdlü Z.M.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

Nazirliyin məlumatına görə, cinayət 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“İlkin istintaqla müəyyən edilib ki, 2025-ci ilin 29 iyununda Tbilisidə baş verən mübahisə zəminində təqsirləndirilən şəxs soyuq silahla 1986-cı il təvəllüdlü G.B.-ni bıçaqlayıb və hadisə yerindən qaçıb. G.B. aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş operativ tədbirlər nəticəsində Z.M. qısa müddətdə saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə (qəsdən adam öldürmə) istintaq aparılır”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.

mənbə: interpress