Tbilisidə qəsdən adam öldürməyə cəhd edən şəxs saxlanılıb

Apr 18, 2026 - 11:00
 0  39
Tbilisidə qəsdən adam öldürməyə cəhd edən şəxs saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi  Tbilisidə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bir nəfəri saxlayıb. Paytaxtın Didube-Çuğureti rayon idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 1987-ci il təvəllüdlü D.E. şübhəli şəxs qismində yaxalanıb.

Xeber.ge xeber  verir ki, cinayət faktı şəxsi münaqişə zəminində baş verib.

  İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs aralarında əvvəllər mövcud olmuş münaqişə səbəbindən öz həmyaşıdı, 1987-ci il təvəllüdlü O.Q.-yə soyuq silahla xəsarət yetirib. Hadisəni törətdikdən sonra D.E. ərazidən qaçaraq gizlənib.

Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Hazırda ona müvafiq tibbi yardım göstərilir.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (Qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb. Keçirilmiş çevik əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılaraq istintaqa cəlb olunub.

Sözügedən maddə üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda istintaq davam etdirilir.