Tbilisidə güclü külək: Yeni binanın fasadı uçdu

Apr 5, 2026 - 15:33
 0  44

Gürcüstanın paytaxtı Tbilisi şəhərində müşahidə olunan güclü külək ciddi infrastruktur problemlərinə və dağıntılara səbəb olub.

Xeber.ge xeber  verir ki,  təbii fəlakətdən ən çox tikinti işlərinin aktiv getdiyi Didube-Diqomi rayonu zərər çəkib.

  Paytaxtın Saracişvili küçəsində yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binalarından birinin fasadı güclü küləyin təsirindən uçub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binanın yaxınlığında park edilmiş avtomobillərə ciddi ziyan dəyib.

"Külək fasadı uçurdu, görünür konstruksiya dözməyib. Bina yeni tikilib. Bir avtomobil tamamilə yararsız hala düşüb", - deyə yerli sakinlərdən biri bildirib.

Bundan başqa, paytaxtın digər rayonlarında da fəsadlar qeydə alınıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə tikinti meydançalarında hündürmərtəbəli kranların aşdığı və elektrik naqillərinin zədələndiyi əks olunub.

  Hazırda hadisə yerlərinə Tbilisi meriyasının müvafiq xidmətləri və təmizlik briqadaları cəlb olunub. Dağıntıların təmizlənməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, sinoptiklər əhaliyə güclü küləklə bağlı xəbərdarlıq edərək, tikinti sahələrindən və ağacların altından uzaq durmağı tövsiyə ediblər.