Tbilisi hava limanında FBI ilə birgə əməliyyat
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Gürcüstan Baş Prokurorluğunun əməkdaşları, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti nümayəndələri ilə imzalanmış birgə bəyannamə çərçivəsində, Federal Təhqiqat Bürosu (FBI) ilə sıx ikitərəfli koordinasiya nəticəsində Birləşmiş Ştatların hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışda olan ABŞ və Özbəkistan Respublikasının vətəndaşını saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı DİN yayır.
Qurumun bildirdiyinə görə, həmin şəxs xarici terror təşkilatına maddi dəstək göstərmək məqsədilə qəsd əlbirliyində bulunmaq, maddi dəstək göstərmək və buna cəhd etmək ittihamı ilə axtarışda idi.
Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Axtarış İdarəsinin əməkdaşları sözügedən şəxsi Tbilisi Beynəlxalq Hava Limanında ölkələrdən birindən Gürcüstana gələrkən saxlayıblar.
Amerika Birləşmiş Ştatlarının hüquq-mühafizə orqanlarının məlumatına görə, axtarışda olan şəxs xarici terror təşkilatına dəstək vermək məqsədilə Birləşmiş Ştatlarda qrup formalaşdırıb, həmçinin eyni məqsədlə özünün rəhbərlik etdiyi maliyyə yardımı şəbəkəsi yaradıb. Həmin qrupun lideri və üzvləri Suriyadakı terror təşkilatlarına, o cümlədən "İslam Dövləti"nə (İŞİD) fəal maddi-texniki və maliyyə dəstəyi göstərirdilər.
Bununla yanaşı, saxlanılan şəxs müxtəlif insanları Suriyaya döyüşməyə getməyə çağırır və bu işdə onlara kömək təklif edirdi. Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır.