Saxta nikahda olanlar 1 oktyabra qədər könüllü etiraf etsələr...
Gürcüstan Parlamenti əcnəbilərin yaşayış icazəsi qaydaları və saxta nikahların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərini birinci oxunuşda müzakirə edib. Yeni dəyişikliklərə əsasən, Gürcüstan vətəndaşı ilə əcnəbi arasında qurulan evliliklərə nəzarət maksimum dərəcədə sərtləşdirilir, oturum izni prosedurları isə tamamilə dəyişir.
XEBER.GE xəbər verir ki, plenar iclasda çıxış edən Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze saxta nikahda olan şəxslər üçün xüsusi bir güzəşt müddətinin elan olunduğunu bildirib.
Nazir müavininin sözlərinə görə, 2026-cı il oktyabrın 1-nə qədər saxta nikahda olduğunu könüllü şəkildə etiraf edən və bu barədə dövlət qurumlarına məlumat verən şəxslər cinayət məsuliyyətindən tam azad ediləcəklər.
"Cinayət Məcəlləsinə iki mühüm dəyişiklik daxil edilir. Onlardan biri saxta nikahlarla bağlıdır. Bir məqamı dəqiqləşdirmək istəyirəm: əgər tərəflərdən biri istintaq orqanına gəlib törətdiyi əməli etiraf edərsə və cinayətin açılmasına kömək edərsə, cinayət məsuliyyətindən azad olunacaq. Bizdə oxşar təcrübə narkotik və silah qaçaqmalçılığı ilə bağlı maddələrdə də var. Beləliklə, əgər hər hansı bir şəxs aldadılaraq bu sxemə cəlb olunubsa və hazırda istintaqla əməkdaşlıq edirsə, onun cəza almamaq şansı yaranır. Eyni zamanda, 2026-cı il oktyabrın 1-nə qədər keçid dövrü müəyyən edilir; hazırda saxta nikahda olan və bu barədə könüllü müraciət edən hər kəs cinayət məsuliyyətindən azad olunacaq".
Təsdiqlənməsi gözlənilən yeni layihəyə əsasən, Gürcüstan vətəndaşı ilə evlənən əcnəbilərə yaşayış icazəsinin verilməsi mərhələli olacaq:
· Gürcüstan vətəndaşının əcnəbi həyat yoldaşına ilkin mərhələdə yaşayış icazəsi yalnız 1 il müddətinə veriləcək.
· Əcnəbi şəxs daimi yaşayış icazəsi almaq üçün kəsilməz olaraq 5 il gözləməli olacaq.
· Bu müddət ərzində evliliyin real olub-olmadığı xüsusi komissiyalar tərəfindən mütəmadi yoxlanılacaq.
· Qanun paketi çərçivəsində ölkədə fəaliyyət göstərən əcnəbi tələbələr və digər statuslu xarici vətəndaşlar üçün də əlavə ciddi requlyasiyalar tətbiq ediləcək.