Rustavi Avto Bazarı cərimələnib

May 23, 2025 - 12:03
 0  54
Rustavi Avto Bazarı  cərimələnib

Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (GCCA) avtoidxalatçıların birgə şikayəti əsasında başladığı araşdırmanı tamamladı və MMC “Rustavi Avto Bazroba” və MMC “Mikado Georgia”nın dominant mövqedən sui-istifadə etdiyini müəyyən etdi.

Bu barədə agentliyin yaydığı məlumatda deyilir.

Agentliyin araşdırmasına əsasən, 2023-cü ildə Rustavi avtomobil bazarının ərazisində avtopark xidmətləri üçün haqlar ədalətsiz dərəcədə yüksək qiymətlərlə tətbiq olunurdu. Qiymətlər iki və daha çox dəfə artırılıb ki, bu da gündəlik parkinq haqqı ilə faktiki xərclər və mənfəət marjası arasındakı fərqin həddindən artıq olduğunu göstərib. GCCA bu addımı dominant mövqedən sui-istifadə və ədalətsiz yüksək qiymətin tətbiqi kimi qiymətləndirib.

Agentliyin qərarına əsasən, cavabdeh hər iki iqtisadi subyekt (araşdırma nəticəsində bu iki şirkət vahid iqtisadi subyekt kimi müəyyən edilib) ümumilikdə 848 276 lari məbləğində cərimələnib. Bundan əlavə, hər iki şirkət araşdırma zamanı agentliyə natamam məlumat təqdim etdiklərinə görə, ayrı-ayrılıqda üç dəfə cərimələnib – ümumilikdə 26 000 lari məbləğində. Nəticədə lazım olan məlumatlar məhkəmə vasitəsilə əldə edilib.

Agentlik, bu sektorda rəqabətli mühitin yaxşılaşdırılması və gələcəkdə dominant mövqedən sui-istifadənin qarşısının alınması məqsədilə məcburi tövsiyələr də verib. Tövsiyəyə görə, dominant mövqedə olan iqtisadi agentlər qiymət siyasətini müəyyən etməzdən əvvəl rəqabət əleyhinə riskləri qiymətləndirməli və nəzərə almalıdırlar.

GCCA-nın qərarı bir ay ərzində cavabdeh iqtisadi agentlər tərəfindən Tbilisi Şəhər Məhkəməsində apellyasiya oluna bilər.

Qeyd edək ki, “Rustavis Avto Bazroba” 2010-cu ildə qeydiyyata alınıb. Şirkətin 100% payı Belizdə qeydiyyatdan keçmiş “Mikado Investment” şirkətinə məxsusdur. Avtomobil bazarının direktoru isə Ukrayna vətəndaşı Yevgen Ustinovdur. “Mikado Georgia”nın da həm 100% sahibi, həm də direktoru eyni şəxsdir.

mənbə: interpress