Qaxariyanın Liluaşvili və Qomelauri ilə bağlı əks ittihamı

„Gürcü Arzusu“ fraksiyasının parlamentdə yaratdığı istintaq komissiyası keçmiş daxili işlər naziri Qiorqi Qaxariyaya Çorçana meşəsi yaxınlığında sərhəd postunun qurulması ilə bağlı suallar verib. Komissiyanın sədri Tea Tsulukiani Qaxariyaya belə sual ünvanlayıb:
“Siz, razılaşdırılmamış və düşünülməmiş addımınızla Gürcüstanın ərazilərini itirdinizmi? Yoxsa kimləsə razılaşdırmısınızsa, o kimdir?”
Bu, istintaq komissiyasında Qaxariyaya ikinci dəfə müraciət idi – bu dəfə onlayn formatda. Məsələ 2019-cu ilin avqustunda Gürcüstan polisi tərəfindən Çorçana kəndi yaxınlığında sərhəd postunun qurulması ilə bağlıdır. Həmin əraziyə gedən yol 5 ay əvvəl çəkilməyə başlanmış və Çorçana meşəsi ilə keçmişdi. Eyni dövrdə, Cənubi Osetiyanın faktiki qüvvələri orada “bordelizasiya”nın – sərhədin qeyri-qanuni çəkilməsinin – müxtəlif əlamətlərini, o cümlədən yaşıl lövhələr və bayraqlar yerləşdirmişdi. Hətta 2019-cu ilin fevralında osetin tərəfi meşədə ağacların işarələnməsinə başlamışdı.
Hadisədən 6 il sonra “Gürcü Arzusu” Qaxariyanı ittiham edir ki, o, bu postu Dövlət Təhlükəsizlik Xidməti (SUS) və Baş nazir ilə razılaşdırmadan açıb, ölkəni “müharibə həddinə” gətirib və nəticədə işğalçı tərəf 5 post qurub, Gürcüstan isə 1 000 000 m² (100 ha) ərazini itirib.
Qiorqi Qaxariyanın cavabı isə belə oldu: əksinə, Gürcüstan bu postun qurulması ilə 1 800 hektarlıq Çorçana meşəsinin ilhaqının qarşısını aldı.
“Gürcüstan o vaxt bu meşəyə effektiv nəzarət etmirdi, orada işğalçı qüvvələr hökm sürürdü. Bunu mən demirəm – DTX-nin 2019-cu il hesabatı, Aİ-nin müşahidə missiyasının (EUMM) 16 sentyabr 2019-cu il bəyanatı və Cenevrə danışıqlarının 49-cu raundu ilə bağlı Gürcüstan tərəfinin açıqlaması sübut edir”, – deyə Qaxariya bildirdi.
Tea Tsulukiani isə Qaxariyaya xatırlatdı ki, əvvəlki komissiyada əksini demişdi – "müştərək iştirak prinsipi ilə hərəkət etdik" demişdi. Tsulukiani onu da əlavə etdi ki, Qaxariya “effektiv nəzarət”in hüquqi anlamını anlamır.
Qaxariya isə izah etdi ki, effektiv nəzarətin olmaması o demək idi ki, işğalçı qüvvələr Gürcüstanın nəzarətində olan əraziyə keçib işarələr qoyur, sərhədləri dəyişir və Gürcüstan vətəndaşlarını saxlayırdılar. Komissiya ondan konkret misal istədikdə, Qaxariya 2018-ci ildə bir neçə, 2019-cu ildə isə bir halın – ovçunun saxlanılması – baş verdiyini söylədi:
“Ovçunu silahsızlaşdırıb dedilər ki, kəndə qayıt və hər kəsi xəbərdar et – bu ərazi Cənubi Osetiyaya aiddir, bir daha bura gəlməyin”.
Tsulukiani isə irad bildirdi:
– Yəni saxlamadılar, sadəcə dayandırdılar. Ovçunun silahlı olması aydındır, silahı alınıb…
– Qaxariya: Kim dayandırdı?
– Tsulukiani: Qarşı tərəf, düşmən qüvvələr.
– Qaxariya: Harada baş verdi, kimin ərazisində?
– Tsulukiani: Bizim ərazidə.
– Qaxariya: Deməli, Gürcüstan vətəndaşlarını silahlı işğal qüvvələri saxlayıb…
– Tsulukiani: Dayandırıblar, yox saxlamayıblar…
– Qaxariya: Aha, sağ qaldığımıza sevinək... Yəni siz deyirsiniz ki, separatçılar vətəndaşımızı dayandırır, silahını alır və bu normaldır?
– Tsulukiani: Normal deyil, amma siz yalan danışdınız ki, onu saxladılar.
Daha sonra Tsulukiani bildirdi ki, yoxlama aparıblar və məlum olub ki, Çorçana yaxınlığında başqa saxlanılma hadisəsi olmayıb, yalnız 2019-cu ilin 5 yanvarında ovçunun işi olub, 2016-cı ildə isə başqa bir uzaq ərazidə meşəçilərin dayandırılması baş verib.
Qaxariya geniş izah etdi ki, niyə Gürcüstan tərəfdən postlar qurulmalı idi. Onun sözlərinə görə, işğalçı qüvvələr artıq 1922-ci il xəritəsinə əsasən 28 nöqtədə, o cümlədən Çorçana və Truso bölgəsində, bordelizasiya üçün hazırlıq görmüşdülər.
O, bildirdi ki, EUMM və Gürcüstan tərəfi bu ərazidə maneəsiz patrul xidməti göstərə bilmirdilər və nəzarətin bərpası üçün plan hazırlanmışdı. Bu planın tərkibində postların sayı və koordinatları da olub və Qaxariya bu planı şəxsən DTX-nin rəhbəri Vaxtanq Qomelauri və Aİ missiyasına təqdim edib.
“Bu plana əsasən 7 post qurulmalı idi. Amma birinci post 24 avqustda quruldu. Daha sonra, sentyabrın 3-də mən baş nazirliyə namizəd oldum. Sentyabrın 8-də təsdiqləndim. Bu müddətdə necə oldusa, Gürcüstanın postları olması planlaşdırılan koordinatlarda artıq Rusiya Federasiyasının postları quraşdırıldı. Deyirəm ki, vaxt gələcək, bu işə xüsusi komissiya baxacaq və planın niyə axıra çatdırılmadığını araşdıracaq. O vaxt DİN-ə keçmiş Qomelauri bu planı niyə dayandırdı? DTX-də rəhbər və ya müvəqqəti rəhbər olan Liluaşvili nə etdi ki, bu koordinatlar indi Rusiya bayraqları ilə əhatəlidir?”
Qaxariya əlavə etdi ki, bu mərhələdə planın sabotajı baş verdi və bu, onun DTX rəhbəri ilə ilk ciddi qarşıdurması oldu. O, “Gürcü Arzusu”na çağırış etdi ki, daha bir istintaq komissiyası yaratsın və baş verənləri araşdırsın.
Komissiyanın üzvü Sozar Subari soruşdu ki, əgər Qaxariyanın dediyi kimi, işğal xətti dəyişməyibsə, osetin postları harada qurulub? Qaxariya cavab verdi ki, bu postlar “buffer zonada” yerləşir.
Tsulukiani Qaxariyanın ittihamlarını gülünc adlandırdı və soruşdu ki, baş nazir olduqdan sonra postların qurulmasını niyə davam etdirmədi.
“Əlbəttə davam etdirəcəkdim, sadəcə vaxt məsələsi idi. Amma DİN rəhbəri və kimsə fürsətdən istifadə etdi – 2 həftə ərzində”, – deyə Qaxariya cavabladı.
Tsulukianinin “Siz o vaxt harada idiniz?” sualına isə Qaxariya belə cavab verdi:
“Parlamentdə idim, deputatların suallarını cavablandırırdım – görünür, onlar mənə dərin dövlətin sifarişi ilə səs veriblər.”
O həmçinin əlavə etdi ki, əgər DTX Çorçanadakı postun açılmasını təhlükə hesab edirdisə, onu niyə baş nazir olarkən dayandırmadı?
“Məhz biz Çorçanada post qurduqdan sonra – 2019-cu ilin 2 sentyabrında – Tsxinvalı rejiminin 'prokurorluğu' bizim postumuza görə cinayət işi açdı. Elə həmin ay onlar 'parlamentdə' sizin komissiyanız kimi komissiya yaratdılar. Siz faktiki olaraq o işğalçılara hüquqi yox, praktiki əsaslar verirsiniz”, – deyə Qaxariya Tsulukianinin komissiyasına müraciət etdi.
Komissiya üzvləri isə öz növbəsində Qaxariyanı “vətənə xəyanətdə” ittiham etdilər və onu prokurorluqda da ifadə verməyə çağırdılar.
mənbə: marneulifm